• 26 May 2022
logo
“Görülən tədbirlər nəticəsində qiymət artımının qarşısı alınacaq”

“Görülən tədbirlər nəticəsində qiymət artımının qarşısı alınacaq”

Aydın Hüseynov: “Ölkədə aparılan sosial tədbirlərin əhalinin rifahna müsbət təsirləri təmin ediləcək”

“Məlum olduğu kimi 2021-ci ildən dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi, iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin, ələxsus da qida mallarının, o cümlədən taxıl və un məmulatlarının qiymətlərinin qalxmasına səbəb olub. Eyni zamanda, yanacağın və enerji resurslarının qiymət artımları hələ də davam edir. Bütün bu proseslər qlobal miqyasda qiymətlərin bahalaşmasına səbəb olmaqdadır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili əlavə edib ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və xaricdən idxal edilən məhsulların qiymət artımları Azərbaycanda da müşahidə edilməkdədir: “Çünki xarici mənfi təsirlərdən yan keçmək mümkün olmur. Xarici mənfi təsirlər, həmçinin bir sıra daxili səbəblər üzündən respublikamızda da ərzaq məhsullarının qiymətləri hissolunacaq dərəcədə artıb. 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Arzuolunmaz qlobal mənzərə fonunda Azərbaycanda da inflyasiyanın səviyyəsi yüksək olub. Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir.
Qlobal bahalaşma ən çox qida malları bazarında, xüsusilə də taxıl və un məmulatlarında özünü göstərir. Azərbaycan hökuməti ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasına baxmayaraq qiymət sabitliyini qorumaq üçün bazara müdaxilə etdi, hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılması təmin edildi. Hətta ölkəmizin idxal etdiyi ərzaq buğdasında payı 90 faizdən çox olan Rusiya hökumətinin 2021-ci ilin əvvəllərində tətbiq etdiyi yüksək ixrac rüsumları sayəsində buğdanın qiymətində 50%-dən çox qiymət artımının baş verməsinə baxmayaraq, ölkəmizdə un və çörək bahalaşmadı. Həmçinin, daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrıldı. Ötən ilin əvvəlində Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib”.
Onun fikrincə, sözügedən dəyişikliklərdə bəhs olunan pozisiyalar üzrə ƏDV-dən azadetmə müddəti 2024-cü ilədək uzadılıb: “Ancaq bu davamlı tənzimləmə yolu hesab edilə bilməz. Ona görə də cari ilin əvvəllərindən bazarda yeni qiymətlərin tətbiqi baş verdi. Ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Bu məqsədlə əsas hədəflərdən biri kimi yerli qida məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmalıdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmalıdır.
Millət vəkilinin sözlərinə görə, dövlət ərzaq təminatı etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər nəzarət resurslarına malikdir. Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq. Bu məqsədlə artıq süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib. Respublikanın 68 şəhər və rayonları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Bütün bu tədbirlər nəticəsində qiymət artımının qarşısı alınacaq və ölkədə aparılan sosial tədbirlərin əhalinin rifahna müsbət təsirləri təmin ediləcək”.

Əli