• 26 Aprel 2024
logo
Hulusi Kılıç: 20 Yanvar qətliamını tarix bağışlamayacaq

Hulusi Kılıç: 20 Yanvar qətliamını tarix bağışlamayacaq

20 Yanvar bəşər tarixinin qara səhifəsi kimi insanlıq tarixinə düşdü. Qırmızı Ordu 100-dən çox azərbaycanlını şəhid etdi, eləcə də minə yaxın soydaşımızı yaraladı. Bu, bütün türk dünyası üçün qara gündür... Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “Xalq qəzeti”nə açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, bu müddətdə azərbaycanlılar necə üzülüb göz yaşı axıt­dılarsa, türk dünyası da eyni hissi yaşadı: “Məsum mülki şəxslərə qarşı edilən zülmü, qətliamı tarix bağışlamayacaq. Mən Sovet ordusunun tankını dayandırmaq üçün özünü onun önünə atan 20 yaşlı gənc qızımızı heç vaxt unutmayacağam. Bu, çox kədərli hadisədir. Ona görə də bu günü unutmamaq və unutdurmamaq lazımdır. Bir nüansı da nəzərə çatdırmaq lazımdır ki, Qanlı Yanvar, həm də Azərbaycanı demokratiyaya aparan şanlı, qürurlu bir tarixin başlanğıcı oldu”.

Hulusi Kılıçın sözlərinə görə, 20 Yan­var türk dünyasının duyğularının birləşdiyi bir günə çevrildi: “20 Yanvar müasir Azərbaycanın müstəqilliyə gedən yolunun, Azərbaycan xalqının oyanışının, dirilişinin başlanğıcı oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar Vətənin qorunması, onun gələcək nəsillərə əmanəti üçün canlarını fəda etdilər. Onlar bizim bir parçamız, qanımız və canımızdır. Torpaqları uğrunda dinc nümayiş nəticəsində şəhid oldular. Mən Azərbaycan xalqına 20 Yanvar facisənin 32-ci ildönümü ilə əlaqədar başsağlığı verir: “kədəriniz kədərimizdir” – deyirəm”.