• 18 May 2022
logo
ABŞ Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini alqışlayır

ABŞ Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini alqışlayır

"Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu ATƏT regionunda hərtərəfli təhlükəsizliyə töhfələr verib".
Bunu ABŞ-ın ATƏT-dəki Nümayəndəliyinin rəhbəri, səfir Mişel Karpenter ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçən ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu ilin fevralında Forum 1000-ci sessiyasını keçirməyə hazılaşdığı bir zamanda "Soyuq Müharibə"dən sonrakı dövrdə Avropa təhlükəsizliyinin ən kəskin böhranlarından biri yaşanır.
"2008-ci ildə Gürcüstanı, 2014-cü ildə isə Ukrayna ərazisini işğal edən Rusiya bu gün Ukrayna ilə sərhəddə təxminən 100.000 əsgər toplayıb və bu qüvvələrinin sayı getdikcə artır. Biz potensial olaraq həm təhlükəsizlik böhranının, həm də humanitar fəlakətin astanasındayıq. Buna görə də irəliyə doğru yol tapmaq nə qədər çətin olsa da, ABŞ etimadın yaradılması və münaqişə riskinin azaldılması üçün dialoqun davam etdirilməsinə tamamilə sadiqdir", - ABŞ diplomatı vurğulayıb.
Səfir Karpenter bildirib ki, ATƏT hərbi qüvvələrlə bağlı narahatlıqların müzakirəsi və hərbi şəffaflığın gücləndirilməsi, münaqişələrin aradan qaldırılması və etimadın möhkəmləndirilməsi üçün ən əhatəli məkandır.
"ABŞ ümid edir ki, Rusiya diplomatiya və gərginliyin azaldılması yolunu seçəcək, öz qüvvələrini Ukraynadan geri çəkəcək və bütün 57 iştirakçı dövlətlə Avropa təhlükəsizliyini necə gücləndirəcəyini müzakirə etmək üçün bərabər səsə malik olduğu bu masaya oturacaq. Biz diplomatiyaya şans verməyə hazırıq.
Cənab Sədr, Ukrayna münaqişəsi Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda olduğu kimi, həftəlik müzakirələrdə də əsas diqqət mərkəzində olacaq. Biz Azərbaycanın iş proqramını alqışlayır və əsas mövzular üzrə qarşıdan gələn təhlükəsizlik dialoqlarını gözləyirik. Təhlükəsizlik dialoqlarından bəziləri, məsələn, Avropa təhlükəsizlik arxitekturasında bloklara qoşulmayan ölkələrin rolu və Silahlara Nəzarət geniş Avropa Təhlükəsizlik Dialoqunu məlumatlandırmağa kömək edəcək."
ABŞ-n ATƏT-dəki səfiri qeyd edib ki, onun ölkəsi ATƏT-in Təshlükəsizlik üzrə Əməkdaşlıq Forumunun 1000-ci plenar iclasının mövzusu olacaq Atıcı Silahlar / Yüngül Silahlar və Silah-Sursat Ehtiyatları (SALW/SCA) üzrə ATƏT-in öhdəliklərini qətiyyətlə dəstəkləyir və ATƏT-in bu sahədə layihələrinin, eləcə də humanitar minatəmizləmə işlərində aparıcı donorudur.
"1993-cü ildən bəri Birləşmiş Ştatlar bütün ATƏT regionunda adi silahların məhv edilməsi təşəbbüsləri üçün 489 milyon dollar ayırıb ki, bu da ATƏT-in 16 iştirakçı dövlətində risk yaradan silah və sursatların təhlükəsiz şəkildə utilizasiyasına kömək edib. Beynəlxalq humanitar hüquq, terrorizm və münaqişədən sonrakı reabilitasiya üzrə təhlükəsizlik dialoqları Forumun mandatına uyğun olaraq təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəldilməlidir".