• 28 Oktyabr 2020
logo
Vaxtilə insanların haqlarını tapdalayan, talançılıqla məşğul olan Əli İnsanovdan hansı haqq və ədaləti gözləmək olar? - Siyasi ekspert

Vaxtilə insanların haqlarını tapdalayan, talançılıqla məşğul olan Əli İnsanovdan hansı haqq və ədaləti gözləmək olar? - Siyasi ekspert

Əli İnsanovun səhiyyə naziri işlədiyi dövrlərdə nə qədər korrupsiyaya bulaşmasını, eləcə də insanları dövlətdən narazı salan biri olduğunu hər kəs çox gözəl bilir və xatırlayır.

Bunu açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev keçmiş səhiyyə nazirinin ətrafına bir neçə nəfəri toplayaraq “Haqq və Ədalət” adlı siyasi partiya yaratması cəhdinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Əli İnsanovun ətrafında olanların da keçmiş fəaliyyətlərini xatırlasaq, onların əsl xəyanətkar, eyni zamanda haqq-ədalət prinsiplərini tapdalayan biriləri olduqlarını görə bilərik: “Əslində, belə bir ad altında siyasi təşkilat yaratmaqla, istər Əli İnsanov, istərsə də yan-yörəsindəkilər özlərini daha çox ifşa etmiş olurlar. Çünki onları tanıyan insanlar keçmişlərini də çox yaxşı xatırlayırlar və nə qədər xainlik xislətinə malik olduqlarını bilirlər. Bir şəxs ki, dövlətin ona etibar etdiyi vəzifədən sui-istifadə edib talançılıqla məşğul ola, vətəndaşlara qarşı qabalığı, kobudluğu ilə seçilə, haqsızlıqlar törədərək haqları tapdalaya – ondan hansı haqqı və ədaləti gözləmək olar?

Digər tərəfdən, xalqı və dövləti üçün fəaliyyət göstərmiş, azərbaycançılıq ideyasını ömrünün son çağlarına qədər əziz tutmuş xalq şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə də təəssüf ki, digər bir neçə üzüdönüklər, korrupsionerlər sırasında yer alaraq, daxillərindəki çirkablarını gizlədə bilməyiblər. Lakin xalq heç vaxt keçmişini unutmadığı kimi, eks-nazirin də rüsvayçı sonluğunu, hansı səbəblərə görə həbsə düşdüyünü unutmayıb. Ona görə də, düşünürəm ki, onların dırnaqrarası və lüzumsuz partiyaları yarandığı gündən siyasi ölümə məhkum olub.

Onu da unutmamalıyıq ki, Əli İnsanov həbsdən çıxar-çıxmaz dərhal özünü Qərbin bəlli dairələrinə tərəf yıxmaqla, reallıqda ölkəsinə nə qədər nifrət etdiyini açıq-aydın büruzə etmişdi".

B.Quliyev əlavə edib ki, anti-Azərbaycan dairələr üçün kimlərinsə korrupsioner, xalqa məxsus olanları çapıb-talayan olması maraqlı deyil, onlar üçün əsas olan müəyyən şəxslərin dövlət və xalq maraqlarına qarşı xain mövqelər sərgiləməsidir: “Əli İnsanov, İsfəndiyar Vahabzadə və sairləri də bu qəbildəndir və çox güman ki, ağalarından aldıqları sifarişlərə canla-başla nökərçilik etməyə çalışırlar. Ancaq onların hər hansı uğur qazana bilməyəcəkləri artıq bəri başdan məlumdur. Çünki xalq onları qəbul etməyib, bundan sonra da etməyəcək”.