• 20 May 2022
logo
Parlamentin 2022-ci ilin yaz sessiyasında ilk onlayn komitə iclası keçirilib

Parlamentin 2022-ci ilin yaz sessiyasında ilk onlayn komitə iclası keçirilib

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək. Bu sessiyada, eyni zamanda “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.
Sonra Bəxtiyar Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.
İclasda komitə sədri bu günlərdə Prezident İlham Əliyevin ölkə mediasına verdiyi müsahibə haqqında söz açıb.
Sonra Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev öz çıxışlarında təhsil sahəsinə dair və digər məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Komitənin 2021-ci il payız sessiyası dövründə hesabatı məqbul hesab edilib.
Onlayn iclasda komitə üzvləri Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Fatma Yıldırım, Müşfiq Məmmədli və Pərvin Kərimzadə iştirak ediblər.