• 27 Aprel 2024
logo
SMÇ sindromu

SMÇ sindromu

Vətəndaş və inkişaf partiyasının (VIP) sədri Əli Əliyevə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun xüsusi ittiham qaydasında şikayəti əsasında 5 ay müddətinə həbs cəzası verilməsi sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirə olunan və seqmentin gerçək, saxta və yaxud yarısaxta iştirakçısı olan əksər içtirakçılarının münasibət bildirdiyi məsələlərdən biridir. Ölkədə baş verən istənilən ictimai-siyasi hadisəni diqqət mərkəzində saxlayan bir vətəndaş, media mənsubu və siyasətçi kimi Əli Əliyevin həbsinə də münasibət bildirməyi məqsədəuyğun hesab edirəm. Şübhəsiz ki, baş verənlər, o cümlədən VİP sədrinin 5 ay müddətinə həbs cəzasına məhkum edilməsi təəssüf doğurur. Narahatlıq yaradan, təəssüf doğuran başqa bir məqam isə, Əli Əliyevin həbsinin birtərəfli qaydada dəyərləndirilməsi, qarşı tərəfin VİP sədrinin ağır, əzici və aşağılayıcı itihamlarının qarşılığında yaşadıqlarının, keçirdiyi hisslərin nəzərə alınmamasıdır.

VİP sədri məlum holikopter qəzasında yaralanan zabitlərlə bağlı, sadəcə öz düşüncələrini dilə gətirdiyini və ehtimallarını irəli sürdüyünü bildirir. Əli Əliyevin ən böyük səhvi də elə buradadır. Siyasi hakimiyyətə iddia edən bir partiyanın sədri belə məsələlərdə digər şəxslərdən daha məsuliyyətli davranmalı, əsassız, faktlara söykənməyən iddialarla çıxış etməməlidir. Əgər VİP sədri iddia edirsə ki, irəli sürdüyü iddialarla o hər hansı bir hüquq pozuntusuna yol verməyib, o zaman bu məntiqlə istənilən şəxsi ağır və xüsusilə ağır cinayətlərdə, hətta Vətənə xəyanətdə də ittiham etmək olar. Həmçinin başqaları haqqında onu cəmiyyətdən təcrid edə, özünün və ailə üzvlərinin ağır mənəvi sarsıntılarına, hətta intihar hallarına səbəb ola biləcək məlumatlar yaymaq mümkündür və bunun qarşılığında ittihamı irəli sürən şəxsə heç kim “güldən artıq söz” deməməlidir. Absurd, məntiqsiz və aşırı eqo yükü olan bir yanaşmadır. Və təəssüf ki, uzun illərdən bəri siyasi düşərgənin bəlli qütbünü sarmış Siyasi Mədəniyyət Çatışmazlığı (SMÇ) Sindromunun hələ də “yoloxucu” olduğundan xəbər verir...

Əli Əliyev məlum açıqlamasında, sözügedən helikopter qəzasından sağ çıxmağın mümkün olmadığını iddia edir. Halbuki bundan daha ağır və dəhşətli helikopter və təyyarə qəzalarından xilas olanlarla bağlı faktların sayı yetərincədir və hər bir fakt ayrıca, konkret hadisə ilə bağlı təhqiqat materilları ilə tanış olan peşəkar ekspertlərin rəyinə əsaslanan yanaşma tələb edir. Sadalamaqla dəyərli oxucuların vaxtını almaq istəmədiyim faktlarla hər kəs internet resurslarında tanış ola bilər. Sadəcə bir faktı xatırlatmaq istəyirəm: Azərbaycanda baş verən helikopter qəzasından təxminən 9 gün sonra eyni modifikasiyada (Mİ-17) olan, içərisində Hindistan Müdafiə nazirliyinin baş qərargah rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb və bir nəfər partlayışla müşayiət olunan qəzadan sağ çıxa bilib...

VİP sədrinin iddialarının doğurduğu bütün hüquqi nəticələri bir kənara qoyuram. Bu iddiaların mənəvi ağırlığı altında əzilməmək mümkün deyil.

Əgər bacarsaq, özümüzü helokopter qəzasından xilas olan zabitlərimizin yerinə qoyaq... Bu şəxslər yalan danışmaqda, cəmiyyəti, qəzada həlak olan zabit yoldaşlarının doğmalarını aldatmaqda, çoxsaylı insan ölümü ilə nəticələnən hadisə ilə bağlı Əli Əliyevin ehtimal etdiyi hansısa “qaranlıq mətləbləri” gizlətməkdə ittiham olunurlar. İndi uzun illərdən bəri çiyin-çiyinə xidmət göstərdikləri dostlarının faciəli ölümünün ağrısını yaşayan bu zabitlərin, həlak olanların ailə üzvlərinin keçirdikləri hissləri təsəvvür edin? Bu adamlar heç bir konkret fakt göstərilmədən, əsas olmadan zabit yoldaşlarına, içdikləri anda və daha geniş anlamda Vətənə xəyanətdə ittiham olunurlar. Belə həssas məsələlər ətrafında ajiotaj yaratmaqla gündəmə gəlmək, fərqlənməyə cəhd göstərmək kimsəyə başucalığı gətirmir. Siyasi partiya sədrinə də həmçinin... Sonuncunun məsuliyyəti daha böyükdür.

Əli Əliyev tamamilə haqsız olduğu bu durumdan çıxış yolu tapa, hədəfə aldığı zabitlərdən üzr istəyə bilərdi. Amma israrla öz yanlış mövqeyini müdafiə etməyə, yaranmış vəziyyətdən təbliğat elementi kimi istifadə etməyə çalışdı və onun əməlindən zərər çəkənlər üçün alternativ saxlamadı... Düşünürəm ki, hələ də gec deyil. VİP sədri helikopter qəzasından sağ çıxan zabitlərimizdən üzr istəyə, gec də olsa, siyasi mədəniyyyət nümayiş etdirə bilər.

Son olaraq, bir məqama da diqqət çəkmək istəyirəm: Bəziləri Əli Əliyevin həbsini, heç bir tutarlı fakt və əsaslandırma olmadan, milli birliyə, siyasi dialoqa zərbə kimi qoymətləndirməyə cəhd göstərirlər. Doğrusu, onun milli birliyə xidmət edən hansısa davranışlarıyla bu günə qədər rastlaşmamışam, siyasi dialoq formatları içərisində yer alması faktı ilə də həmçinin...

Bütün bunlara baxmayaraq, VİP sədrinə tezliklə azadlığa çıxmağı arzulayıram.

Elçin Mirzəbəyli