• 24 Yanvar 2022
logo
“Proseslərin ilk raundunu izləyirik”

“Proseslərin ilk raundunu izləyirik”

Nurlan Qələndərli: “Sülhməramlıların Qazaxıstan ərazisindən bir neçə gün ərzində çıxacağı bəyan edilsə də, məsələnin bu qədər sadə və asan olduğunu düşünmürəm”

Qazaxıstan hadisələri beynəlxalq siyasi gündəmin əsas mövzusudur. Siyasi şərhçilər prosesləri müxtəlif rakurslardan izah edirlər, fərqli fikir, ehtimal və iddialar irəli sürürlər.
Politoloq Nurlan Qələndərli ilə söhbətimizdə bu ölkədə baş verən hadisələrin – cərəyan edən proseslərin mahiyyəti, regiona təsiri və digər bir sıra məsələlərə toxunduq.
- Qazaxıstanda nə baş verir? Qərbin və Rusiyanın mövqeyi hansı nəticəyə gəlməyə əsas yaradır?
- Əvvəla qeyd edim ki, Qazaxıstanda baş verən hadisə və prosesləri lokal problem kimi xarakterizə etmək olmaz. Çünki bu, təkcə bir ölkənin milli təhlükəsizlik məsələsi deyil, regional xarakter daşıyır və ciddi beynəlxalq nəticələrə səbəb ola bilər. Ona görə də məsələ dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələr, regional və beynəlxalq təşkilatlar hadisələri müzakirə edir, müxtəlif çağırışlar və bəyanatlarla çıxış edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (ktmt) sonra Türk Dövlətləri Təşkilatının (TDT) da bu məsələni müzakirəyə çıxarması bu kontekstdə xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, həm Qərb dairələri, xüsusilə ABŞ rəsmiləri tərəfindən, həm də KTMT-nin videokonfrans formatında keçirilən iclasında səsləndirilən fikirlər hadisələrin konturlarını müəyyən etməyə və geosiyasi təfərrüat barədə bəzi nəticələr hasil etməyə imkan verir. Tərəflər dünyanın ərazicə ən böyük 9-cu ölkəsində baş verən hadisələr ilə əlaqədar müəyyən qədər bir-birini ittiham etsələr də, Qərb cəbhəsində qəribə sükunət - daha çox loyal və məsafəli yanaşma müşahidə edilir. Hətta bəzi siyasi analitiklər bu proseslərdə Birləşmiş Ştatlarla Rusiyanın sinxron hərəkət etdiyini, müəyyən anlaşma - razılaşma çərçivəsində davrandığını iddia edirlər. Düşünürəm ki, Qazaxıstan hadisələri Mərkəzi Asiyada və Avrasiyada yeni geosiyasi mexanizmin formalaşmasında mühüm rol oynayacaq. Burada əsas aktorlar Rusiya, kollektiv Qərb (Birləşmiş Ştatlar və Avropa) və Çindir.
- Hadisələrin baş verdiyi ərəfədə və bu gün də ən çox müzakirə olunan məsələlərdən biri KTMT-nin bu ölkəyə girməsinin hüquqi əsasının olub-olmamasıdır. Siz bu barədə nə deyə bilərsiniz?
- Tamamilə doğrudur, KTMT-nin Qazaxıstana hərbi qüvvələr yeritməsi, həqiqətən, yerli və beynəlxalq medianın əsas siyasi gündəm mövzusunu təşkil edir. Məsələ siyasi ekspertlər və beynəlxalq hüquq mütəxəssisləri tərəfindən ciddi müzakirə, hətta mübahisə predmetinə çevrilib. Bu da təsadüfi deyil, çünki diqqət mərkəzində olan əsas məqam KTMT-nin Qazaxıstanda daxili proseslərə müdaxilə etmək hüququnun olub-olmamasıdır.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Qazaxıstanda baş verən hadisələr təşkilat üzvü olan ölkələrin təhlükəsizliyinə aid olan kollektiv milli və regional məsələ deyil, ölkənin daxili işidir. Doğrudur, bu ölkənin prezidenti rəsmi surətdə KTMT-ni proseslərə müdaxilə etməyə çağırıb. Amma qurumun nizamnamasində təhlükəsizlik və suverenliyin təmin olunmasından bəhs olunsa da, Qazaxıstan məsələsində hansısa xarici müdaxilə və ya sərhədlərin mühafizəsi müzakirə mövzusu deyil. Ona görə də operativ müdaxiləyə hüquqi əsas olub-olmaması məsələsi açıq qalır. Bununla yanaşı, indiyə qədər təşkilatın fəaliyyətində belə bir təcrübə qeydə alınmayıb.
Qazaxıstana qoşun yeridilməsi faktiki olaraq KTMT-nin nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndi ilə əsaslandırılmağa çalışılsa da, bu, yanlış yanaşmadır. Görünən odur ki, nizamnamənin tələbi pozulub. Həmin maddədə qeyd olunur ki, əgər üzv dövlətlərdən hər hansı biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücuma) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən bu müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək. Qazaxıstandakı hadisələrdə hər hansı bir “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” hal olmasa da, deyildiyi kimi, sabitliyi pozacaq hal olduğu üçün belə qərara gəlinib. Amma “sabitliyi pozacaq hal” məqamını “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” kateqoriyası ilə tam eyniləşdirmək olmaz. Digər tərəfdən, konkret olaraq KTMT nizamnaməsində təşkilatın hərbi qüvvələrinin ölkədaxili etirazların qarşısını almaq üçün istifadə oluna bilinəcəyinə dair məsələ əksini tapmayıb. Ona görə də KTMT-nin Qazaxıstana qoşun yerdilməsi qərarının səhv olmasını, bunun təşkilatın nizamnaməsinə də uyğun olmamasını deyənlər qətiyyən yanılmırlar.
- Yeri gəlmişkən, sülhməramlı kontingentin Qazaxıstan ərazisindən çıxacağı ilə əlaqədar müəyyən fikirlər səsləndirilir. Hətta tarix və müddət də bəyan edilir. Sizcə, bəhs olunan hərbi birləşmələr nə vaxt çıxarılacaq?
- Sülhməramlıların Qazaxıstan ərazisindən bir neçə gün ərzində çıxacağı bəyan edilsə də, məsələnin bu qədər sadə və asan olduğunu düşünmürəm. Çünki bu ölkədə hazırda iğtişaşlar olmasa da, təhlükəsizlik kontekstində gərginlik hökm sürür, eyni zamanda, ölkədaxili vəziyyət regional proseslərə ciddi təsir göstərir. Birləşmiş Ştatlar və Çin prosesləri diqqətlə izləyir, Rusiya başda olmaqla, KTMT cəbhəsi isə situasiyanı nəzarətsiz buraxmaq niyyətində deyil. Ona görə də kontingentin mərhələli çıxarılması təmin olunsa da, hərbi-siyasi mövcudluq və nəzarət davam edəcək. Biz hələ proseslərin ilk raundunu izləyirik. ABŞ-Rusiya-Çin geosiyasi üçbucağında strateji rəqabət Mərkəzi Asiyada qarşıdakı müddətdə də müxtəlif formalarda özünü göstərəcək.
- Bəzi beynəlxalq media orqanları Ukrayna cəbhəsində də hərbi-siyasi gərginliyin artacağı barədə mülahizələr irəli sürürlər. Paralel olaraq bəzi məsələlər Qazaxıstan hadisələri ilə müqayisə edilir. Sizcə, Qazaxıstanda Ukrayna ssenarisi təkrarlana bilərmi?
- Doğrudur, bəzi transmilli media orqanlarında yer alan yazılarda, siyasi ekspertlərin şərhlərində belə fikirlər irəli sürülür. Amma Qazaxıstan hadisələri ilə Ukrayna prosesləri arasında kifayət qədər ciddi fərqlər var. Birincisi, təbii-coğrafi amil, yəni ölkələrin yerləşdikləri ərazi böyük güclərin mübarizəsinin fərqli müstəvidə cərəyan etməsini şərtləndirir. İkincisi, geosiyasi şərait tamamilə fərqlidir. Üçüncüsü isə, Ukrayna NATO-ya üzvlük uğrunda mübarizə aparsa da, Qazaxıstanın hərbi-siyasi təhlükəsizliklə bağlı yanaşması başqa cürdür. Düşünürəm ki, motiv və amillər fərqlidir, proseslər eyni formada cərəyan edə bilməz. Amma bütün hallarda hər iki situasiya nəhəng güc mərkəzlərinin mübarizəsini əks etdirir. Bütövlükdə, həm Ukrayna məsələsi, həm də Qazaxıstan hadisələri Avrasiyada yeni geosiyasi mexanizmin formalaşmasında mühüm rol oynayacaq.

Əli Zülfüqaroğlu