• 27 Yanvar 2022
logo
“Qazaxıstanda baş verənlər dövlət suverenliyini təhlükəyə atır”

“Qazaxıstanda baş verənlər dövlət suverenliyini təhlükəyə atır” - Musa Qasımlı

“Qazaxıstanda baş verənlər təbii ki, qazax dövlətçiliyi və millətinin strateji maraqları baxımından ziyanlıdır. Qardaş qazax xalqının bəzi nümayəndələrinin atdıqları addımları yanlış hesab edirəm”. Bu fikirləri xalqcəbhəsi.a-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili əlavə etdi ki, 1986-cı ildə Dinməhəmməd Kunayevin vəzifəsindən çıxarılıb yerinə Nikolay Kolbin təyin olunanda qazax xalqı küçələrə tökülərək buna etiraz etdi: “Bu qazax xalqının milli qürur səhifələrindən biri idi. Amma bu gün dünyada gedən prosesləri dərindən bilmədən bu hərəkətləri törətmək Qazaxıstan dövlətçiliyi üçün təhlükəlidir. Hər şeydən əvvəl, ona görə təhlükəlidir ki, bundan sonra Qazaxıstan iki böyük təhlükə ilə üz-üzə qalacaq.
Birincisi, Qazaxıstan ərazi bütövlüyünü qoruyub saxlaya biləcəkmi? Ölkədə iqtisadi problemlər bəhanəsi ilə başlayan hadisələr daha sonra ictimai, siyasi və digər proseslərə çevrilə bilər. Bu da Qazaxıstan dövlətçilyini təhlükə altına atır.
İkincisi, Qazaxıstan dövlət müstəqilliyini qoruya biləcəkmi? Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında qoşunlaırn yerləşdirilməsi əslində Qazaxıstan Respublikasının suverenliyinin məhdudlaşdırılmasına doğru atılan addımlardan biridirmi? Bu suala cavab haqqında da düşünməyə dəyər. Son illərdə Qazaxıstan uğurlu bir yol keçmişdi. Hesab edirəm ki, qanlı proseslər Qazaxıstanı geriyə apardı, eyni zamanda bu hadisələrin nəticələri türk birliyinə böyük zərbə ola bilər.
Qazaxıstanda həyata keçirilən tədbirlər, latın əlifbasına keçilməsi və görülən digər işlər müsbət addımlar idi. Bütövlükdə etirazları ziyanlı hesab edirəm. Hər bir xalq əgər tərəqqi etmək istəyirsə anarxiya, xaos, dağıdıcılıq və inqilabın əleyhinə olmalıdır. İnqilab əks-inqilab yaradır. Bu isə qan, kin-küdurət və vətəndaş müharibəsinə gətirib çıxarır. İnqilab hər bir xalqı və dövləti onillərlə geriyə atır. Dünyanın bütün ölkələrində problemlər var. Həmin problemlərin həllinin yolu inqilablar və çevrilişlərdə deyil. Liviya, Misir, Suriya və digər ərəb baharı olan ölkələrə diqqət yetirin. Onların ərəb baharından öncəki və indiki durumu çox şey deyir. Hər bir xalq və dövlət öz problemini islahatlar və təkamül yolu ilə həll etməlidir. İnqilab heç bir zaman heç bir millətə fayda gətirməyib. Düşünürəm ki, Qazaxıstanda edilən hərəkətlər qazax milləti və dövlətinin maraqlarına ziddir və bu ölkədə mənafeləri olan dövlətlərin maraqlarının həyata keçirilməsinə xidmət edir. Hər bir xalq istəyinə çatmaq istəyirsə, təkamül, islahatlar yolu inkişaf etməlidir”.

Əli Zülfüqaroğlu