• 27 Oktyabr 2020
logo
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb.
Trend-in məlumatına görə, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.
Həmçinin icra haqqında qanunvericiliyin tələblərini pozan 3.700-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.000 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi başlanılıb. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 10 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən belə məhdudiyyət götürülüb.
Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın yarıdan çoxu ödətdirilib.