Nazirlər Kabineti "İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydası"nı təsdiqləyib.
Trend-in məlumatına görə, qayda ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.
Qaydaya əsasən, Azərbaycanın ixtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılır. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.
Elektron reyestrin formalaşdırılması, tərtib edilməsi və inteqrasiyasına dair bu Qaydada nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.
Elektron Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.
Elektron Reyestrin tərtib olunması və onda düzəlişlərin edilməsi üçün Qanunun tələbləri nəzərə alınmaqla patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi) elektron sistem vasitəsilə Agentliyə müraciət etməlidir.
Elektron Reyestrə məlumatlar “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə edilməklə daxil edilir. Patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tələb olunan dövlət rüsumu və xidmət haqqını “ASAN ödəniş” sistemi üzərindən ödəyərək, gücləndirilmiş elektron imza ilə imzaladığı ərizə ilə məlumatları elektron sistemdə Agentliyə təqdim edir.
Patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertizanın səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsi üçün dövlət rüsumu ödənilmir.