• 21 Yanvar 2022
logo
“Qazaxıstanda baş verən son hadisələr Türk dövlətlərinin təşkilatlanmasına təsirsiz ötüşməyəcək”

“Qazaxıstanda baş verən son hadisələr Türk dövlətlərinin təşkilatlanmasına təsirsiz ötüşməyəcək”

Turan Rzayev: “Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefası ciddi hadisədir”

“Qazaxıstanda baş verən son hadisələr Türk dövlətlərinin təşkilatlanmasına təsirsiz ötüşməyəcək. Məsələ ondadır ki, etirazlar nəticəsində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi. Bu, çox ciddi bir hadisədir. Belə ki, Nazarbayev hər nə qədər mübahisəli şəxs olsa da əsas məsələ onun milli və Türk Birliyinin qurulmasında kilit şəxslərdən hesab edilməsi idi. Daha dəqiq desək hazırda əsas üç türk lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nursultan Nazarbayev bu birliyin qurulması və güclənməsində maraqlı olan şəxslərdir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev səsləndirib. Onun sözlərinə görə, Nazarbayev kifayət qədər təcrübəli və güclü bir fiqur idi. Onun vəzifəsindən getməsi Türk Birliyi baxımından çox ciddi təsiri olacaq: “Qazaxıstanda baş verən hadisələr sonrası Mərkəzi Asiya, türk dövlətləri və onların liderləri Türk Birliyinə daha ehtiyatlı yanaşacaq. Düzdür, baş verən hadisələrin pərdəarxasında fərqli səbəblər olsa da etiraf etmək lazımdır ki, Kreml Türk dövlətlərinin təşkilatlanmasından ehtiyat edir. Nazarbayevin vəzifədən getməsi də bunu sübut edir. Hesab edirəm Rusiya Türk Birliyinin qurulmasından deyil, onun güclənməsi və özünə regionda alternativ güc olmasında ehtiyat edir. Nazarbayevin varlığı isə həm Qazaxıstanın tədricən Rusiya təsirindən çıxması, həm də Türk Birliyinin güclənməsi baxımından vacib idi”.

Rusiya Qazaxıstanda sabitliyi pozur: SSRİ heç vaxt qurulmayacaq

Politoloq həmçinin əlavə edib ki, bəzi rus kanallarında SSRİ vaxtı verilən hava proqnozu və mahnıların yayımlanması təsadüfi deyil: “Amma SSRİ yenidən qurulacaq demək Osmanlı imperiyası yenidən qurulacaq demək kimi bir şeydir. Real olmaq, real yanaşmaq lazımdır. Rusiya Gürcüstana müdaxilə etdi, lakin onu işğal etmədi. Rusiya Krımı ilhaq etdi, lakin Ukraynanı işğal edə bilmədi. Bu gün Rusiya Qazaxıstanda sabitliyi pozur, lakin onu büsbütün işğal etməyəcək. SSRİ-ni yenidən qurmaq bu 15 respublikanı da ilhaq etmək deməkdir. Sual budur Kremlin buna gücü varmı? Xeyr yoxdur. Pafosdan uzaq olmaq, reallıqla barışmaq lazımdır. Reallıq isə ondan ibarətdir ki, SSRİ heç vaxt qurulmayacaq”.

Əli