• 11 Oktyabr 2024
logo
“Siyasi mübarizəni sivil müstəvidən çıxaran onlardır”

“Siyasi mübarizəni sivil müstəvidən çıxaran onlardır”

BAXCP sədri: “Nəinki xarici diplomatlara, hətta xaricdən gələn taksi sürücülərinə də Prezident haqqında ağızlarına gələnləri deyirlər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunmuş bəzi müxalifətçilərin Prezidentin onların ünvanına xaricilər qarşısında sərt və aşağılayıcı ifadələr işlətməsini pislədikləri və yolverilməz olduğunu söyləyikləri barədə sualını cavablandırıb.
BAXCP sədri deyib:
- Həmin adamların özləri nə ilə məşğuldur? Nəinki xarici diplomatlara, hətta xaricdən gələn taksi sürücülərinə də Prezident haqqında ağızlarına gələnləri deyirlər. Həm də təkcə Prezident haqqında deyil, onun atası, mərhum prezident Heydər Əliyev haqqında da. Amma görmüsünüz ki, Prezident Elçibəy dünyasını dəyişəndən sonra onun haqqında nəsə desin? Elçibəy xəstə olanda Heydər Əliyev xəstəxanaya gül göndərdi, dəfn mərasimində iştirak etdi. Elçibəyin həyat yoldaşı Həlimə xanımın dəfn mərasiminin xərclərini Mehriban xanım çəkdi. Elçibəyin evi Heydər Əliyev Fondu tərəfindən təmir olundu, dəfələrlə iqtidar nümayəndələri tərəfindən Bəyin ailəsinə kömək edilib. Bəs AXC hakimiyyətinin başında duranlar, özlərini AXC-nin varisləri və Elçibəyin davamçıları hesab edənlər Heydər Əliyev dünyasını dəyişəndə özlərini necə apardılar? Bu gün də təkidli xahişlərlə hakimiyyətə dəvət etdikləri, Azərbaycanı fəlakətdən qurtarmış Heydər Əliyevdən əl çəkmirlər. Yoxsa fikirləşirlər ki, qarşı tərəf sadəcə, cavab verməyib onların hədyanlarına qulaq asmalıdır? Dəfələrlə demişəm ki, söyüş söyənlərin arxasında durmursunuzsa bunu bəyan edin və xalqa imkanınız olacaqsa onları cəzalandıracağınızı vəd edin. Amma onlar bunu etmirlər və edə də bilməzlər, çünki həmin söyüş söyənlərlə əlbirdilər, onları təlimatlandırırlar. Əslində siyasi mübarizəni sivil müstəvidən çıxaran da onlardır.
Bəziləri bilərəkdən Prezidentin dediklərini Xalq Hərəkatının bütün üzvlərinə şamil edirlər. Mərhum prezident Heydər Əliyev Naxçıvanda AXC-nin konfransında iştirak edib, xalq hərəkatına yüksək qiymət verib. Heydər Əliyevə qarşı Kommunist Partiyası tərəfindən hücumlar təşkil olunanda onun ən yaxın müttəfiqi cəbhəçilər idi. Bu gün də YAP-da və iqtidarda xalq hərəkatının fəal üzvləri olmuş insanlar var. Birinci vitse prezident Mehriban xanım iki gün öncə xalqımızı Milli Dirçəliş günü münasibətilə təbrik etdi. Həmin gün Dövlət bayramı kimi qeyd olunur. AXC -də vətənpərvər insanlarla yanaşı, cəmiyyətin tör-töküntülərinin olması faktı da heç kimə sirr deyil. Ayrı-ayrı dairələrə bağlı agentlər də kifayət qədər idi. Hətta bəziləri təşkilatda yüksək səviyyədə təmsil olunurdular. AXC xalq hərakatı olduğundan onlar da təşkilatın sıralarına soxulmuşdular. Cəmiyyət də dəniz kimi təlatümlü olanda çör-çöp üzə qalxır. AXC əsasən təcrübəsizlikdən doğan səhvlərinə baxmayaraq, digər respublikalardakı xalq hərəkatları ilə birlikdə bütün sovet respublikalarına müstəqillik qazandırmış şanlı tariximizdir.