• 16 İyul 2025
logo
“Ermənistanda növbəti məğlubiyyətlərin qaçılmaz olduğunu dərk edirlər”

“Ermənistanda növbəti məğlubiyyətlərin qaçılmaz olduğunu dərk edirlər” - Nurlan Qələndərli

“İşğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti, müharibə cinayətləri beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları sırasındadır. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi isə zərurətdir. Azərbaycan bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür və adekvat qərarların qəbul edilməsinə nail olur”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın hüquq müstəvisində Ermənistanın cəzalandırılması ilə əlaqədar apardığı ardıcıl – sistemli və məqsədyönlü işin real nəticəsidir: “Nəzərə alsaq ki, Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi dünyada 6 əsas qurumdan biridir və onun üçün qərarının icra olunması prinsipial məsələdir, o zaman bəhs olunan qərarın çıxarılması Azərbaycanın beynəlxalq hüquq müstəvisində mühüm nailiyyəti kimi dəyərləndirilə bilər”.
Nurlan Qələndərli deyib ki, Ermənistan tərəfinin saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlərinin məhkəmə tərəfindən rədd edilməsi Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsi, eyni zamanda, ölkəmizin siyasi-diplomatik üstünlüyünün daha da güclənməsidir: “Əlbəttə, ermənilərin iddialarının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. Təbii ki, əgər məhkəmə Ermənistanın iddialarından hər hansı birini təmin etsəydi, o zaman onlar bundan əks-təbliğat vasitəsi kimi istifadə edəcək, öz işğalçı siyasətlərinə, qeyri-konstruktiv mövqelərinə, qeyri-qanuni əməllərinə haqq qazandırmaq üçün yeni ideoloji silah qazanacaqdılar. Hətta bir müddətdir ki, erməni lobbi-diaspor təşkilatları bununla bağlı təbliğat aparır, yeni qara piar kampaniyasına və pozucu fəaliyyətə hazırlaşdıqlarını gizlətmirdilər. Amma necə deyərlər, evdəki hesab bazara uyğun gəlmədi. Ermənistanın məhkəmə qərarı ilə bağlı məyusluğu da elə buna görədir. Onlar həm də Azərbaycanın qarşısında hüquq və diplomatiya müstəvisində növbəti məğlubiyyətlərin qaçılmaz olduğunu dərk edirlər”.
Politoloq əlavə edib ki, proses davam edir və Azərbaycan konkret olaraq beynəlxalq hüquq müstəvisində Ermənistanın məsuliyyətə cəlb olunması və müvafiq cavab verməsi üçün növbəti addımlar atacaq: “Bütövlükdə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın ədalətli mövqeyinə hüquqi dəstəyin ifadəsidir. Ermənistan isə hərbi-siyasi müstəvidə olduğu kimi hüquq platformasında da fiaskoya uğradı”.

Əli Zülfüqaroğlu