• 20 Aprel 2024
logo
Evin pis “uşaqları”...

Evin pis “uşaqları”...

Gündəmi bir qrup azərbaycanlının Almaniyada siyasi miqrant alveri ittihamı ilə saxlanılması xəbəri götürüb. Baxırsan mövqelərə, adam bilmir duruma gülsün, ağlasın, yoxsa susub baxsın. Bu qarışıq mənzərədə nədənsə belə bir təəssürat var. Kim ki, siyasi mühacir alverindən yazıb, azərbaycanlıların saxlanılmasına sevinir, o anlamır nə baş verdiyini, bilmir ki, bizim nə gözləyir qarşıda...
Əvvəla bu, sevincidiri olay deyil. Cəmi bir məqam var adama təpər gətirir. O da bu ki, Avropanın müxtəlif ölkələrinə, xüsusən Almaniyaya sığınan bir qrup siyasi mühaciri, söyüş müxalifəti fəallarının iç üzü ortaya çıxdı. Bəlli oldu ki, əslində ölkəni necə və niyə tərk ediblər? Hansı variantlardan istifadə edirlər? Yəni Avropada oturub siyasi müxalifət, söyüş müxalifəti formalaşdıran zümrəni Azərbaycan ictimaiyyətinə təqdim etmək mümkündür. Bu faktdan çıxış edərək, əlbəttə. Xeyli sayda tərəddüddə qalan adam artıq anladı ki, hətta bu dövlətdən, siyasi hakimiyyətdən narazı olsa belə, söyüş müxalifəti, Əli İnsanova söykənən Müsavat, AXCP və sairlər güvəniləcək güc, etibar olunacaq arxa deyillər.
Gələk məsələnin naxoş tərəflərinə. Amma əvvəlcə onu da deyək ki, pisi, yaxşısı ilə həbs edilənlər azərbaycanlıdır. Ailələrdə də belədir. Evin ən pis uşağından da imtina eləmək olmur. O saxlanılanlar bizim evin, Azərbaycanın pis “uşaqlarıdır” indi. Biz neynəsək o pislərin bizim olmadığını isbatlaya bilmərik.
İndi naxoşlar haqda...Bu olay Almaniyada yaşayan azərbaycanlıları əməlli hədəf edəcək. Yəni azərbaycanlılar daha çox diqqətdə saxlanılacaq, daha dəqiq öyrəniləcək, araşdırılacaq. Hətta viza məsələsində incidiləcək. Siyasi mövqeyinə görə yox, işi, ailəsi, təhsili üçün Almaniyada yaşayan digər azərbaycanlılar da hikkələri və saxta yolla qazanmaq ehtirasına qarşı dura bilməyən bir qrup həmyerlisinin badına gedəcək.
Dövlət gözündən baxanda bu, biabırçılıqdır, vətəndaşını bir oğru şəbəkəsi ölkədən qaçırdır. Vətəndaş mövqeyindən baxanda yanlışdır. Kimsə vətənini qoyub, ondan küsüb getməyə gərək. Və ya gedib getməsinə, orda oturub burdakılara ağıl verməyə. “Qalxın əə, a bədbəxtlər! Ay qoyunlar!” -deyib millətini aşağılamaya gərək. Yox, əgər bunu edirsə, bir də dönə özünə baxa gərək. Siyasi mühacir adını necə almasın, vətəndən necə qaçmasına, nə qədər fırıldaq əmələ sahiblik elədiyinə diqqət yetirsin. Yoxsa Almaniyada oturub, siyasi hakimiyyəti də, milləti də söyməyə nə var axı?!. Müsavat boyda, zamanında reytinq, nüfuz sahibi olmuş partiyanı, Azərbaycan dövlətinin adını rüsvay eləmək nə böyük işdir ki?!.
Sonda maraqlı başqa bir məsələ də var. Azərbaycana qarşı ən sərt danışanlar Almaniyada cəm olur. Almaniya Azərbaycandan gedənlərə, xüsusilə siyasi mühacirlərə qapılarını taybatay açır. Maraqlıdır, niyə? Bu suala cavabı olan varsa desin. Desin ki, hamı maariflənsin. Qaldı bizi, azərbaycanlıları belə olaylara görə Avropa ölkələrindən çıxaracaqlar. Bunu kimsə arzulamaz. Ümidvar olaq ki, bu qədər ziyan verməyəcək millətə Almaniyadakı mühacir “ovu”. Öz aramızdır, kim istəməz normal yolla gedib, həyatını, işini quran, ailəsi ilə məşğul olan, təhsil arxasınca gedən azərbaycanlıların Avropada çox olmasını. O qədər olsun ki, orda danışanda, elə bilək AZƏRBAYCAN boydadırlar!

Jalə Mütəllimova