• 20 Aprel 2024
logo
“Ermənistanın bütün sahələrdə bizə məğlub olması təsadüfi deyil”

“Ermənistanın bütün sahələrdə bizə məğlub olması təsadüfi deyil”

Tural İsmayılov: “Bu vaxtında atılan addımların nəticəsidir”

Turan Rzayev: “Rəsmi İrəvan Brüssel görüşü öncəsi nail olmaq istədiyi hüquqi üstünlükdən məhrum oldu”

Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına”, Hərbi Qənimətlər Parkının bağlanmasına, Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarının təmin olunmaması ilə işğalçı ölkə növbəti fiaskosunu yaşadı. Məhkəmə həmçinin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi.
Ekspertlər məsələ ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Politoloq Tural İsmayılov diqqətə çatdırıb ki, bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. T. İsmayılov “bununla Ermənistanı bir daha darmadağın etdik"-deyə əlavə edib: "Bu Azərbaycanın növbəti qələbəsi, Ermənistanın isə fiaskosudur. Ermənistanın bütün sahələrdə bizə məğlub olması təsadüfi deyil, bu vaxtında atılan addımların nəticəsidir".
Politoloq Turan Rzayev bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan üçün tam bir fiasko ilə nəticələndi. Onun fikrincə, məhkəmənin Ermənistanın irəli sürdüyü əsas iddiaları təmin etməməsi ilə rəsmi İrəvan Brüssel görüşü öncəsi nail olmaq istədiyi hüquqi üstünlükdən məhrum oldu: “Rəsmi İrəvan onuszda məhkəmənin qərarından çəkinirdi. Təsadüfi deyil ki, məhz buna görə erməni tərəfi minaladıqları ərazilərin xəritələrini məhkəmədən öncə Azərbaycana qaytardı. Lakin bu hiyləgər gediş də Ermənistanın istəyinə nail olmasına səbəb olmadı.
Hesab edirəm Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın irəli sürdüyü iddiaları təmin etməməsi düzgün qərardır və hər birinin də konkret səbəbi var:
Birincisi, məhkəmə Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etmədi. Erməni tərəfi iddia edir ki, Azərbaycanda ”müharibə məhbusları" məhz erməni əsilli olduğu üçün saxlanılır. Yəni ermənilər bu iddianı etnik nifrət kontekstində irəli sürüblər.
Məsələ ondadır ki, hazırda Azərbaycanda Ermənistanın qeyd etdiyi kimi ”müharibə məhbusu“ yoxdur. Rəsmi Bakı 44 günlük müharibə zamanı hərbi əsir kimi ələ keçirilən erməni hərbçilərini elə müharibə gedişində beynəlxalq hüquqa uyğun olaraq rəsmi İrəvana təhvil verib. 10 noyabr bəyanatı sonrası Azərbaycanın ələ keçirdiyi erməni hərbçilər isə heç bir halda hərbi əsir və ya Ermənistanın dediyi kimi "müharibə məhbusu" adlana bilməz. O ki qaldı Ermənistanın irəli sürdüyü etnik nifrət arqumentinə bu çox absurd yanaşmadır.
Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda erməni əsilli vətəndaşlar yaşayır. Bu günə qədər də onlara qarşı etnik zəmində zorakılıq ya da nifrət ünsürləri sərgilənməyib. Görünür, Beynəlxalq Ədalət Məhkəməsidə Ermənistanın bu təklifini məntiqsiz və əsassız sayıb ki, onu təmin etməyib.
İkincisi, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Ümumiyyətlə belə bir tələbin irəli sürülməsi yanlışdır. Heç bir ölkə başqa bir ölkə ərazisində salınan parkın bağlanmasını tələb edə bilməz. Əvvəla, ona görə ki, bu təklif Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Bundan başqa bu və bu kimi parkların salınmasını məhdudlaşdıran və ya qadağa edən beynəlxalq konversiya yoxdur. Dünyanın bir çox ölkəsində bənzər parklar və ya hərbi muzeylər mövcudur.
Üçüncüsü, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasını təmin etməyib. Hesab edirəm bu məsələdə Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Ermənistanın 90-cı illərdə başda Xocalı soyqırımı olmaqla törətdiyi çoxsaylı cinayətlər insan haqlarının kobud şəkildə pozulmasıdır”.
Ekspert deyib ki, 44 günlük müharibə zamanı Ermənistanın hərbi əsirlərə rəftarı, qeyri-insani davranışı bundan başqa 27 illik işğal dövründə Azərbaycan ərazisinə vurduğu ziyan da erməni vəhşiliyinin təcəssümüdür: “Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib ki, istənilən vaxt onlar gəlib həm müharibə zamanı, həm də müharibə sonrası saxlanılan hərbi əsirlər, eyni zamanda diversantların səhhəti ilə maraqlana bilərlər. Ermənistan isə bu günə qədər belə bir təklif etməyib.
Hesab edirəm, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarına baxmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut, dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. Bu mənada deyə bilərik ki, Azərbaycanın əsaslı arqumentləri və təqdim etdiyi sənədlər Ermənistanın bütün əsassız iddialarını çürütdü.
Bundan başqa, Azərbaycanın sübut, dəlilləri məhkəməyə təqdim etməsi nəticəsində məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi”.
Politoloq Nail Cəlil deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın işğalçı, irticaçı mövqeyini, Azərbaycana qarşı cəfəng iddialarını rədd etməsi ölkəmizin haqlı mövqeyinin dünyada sivil hüquqi sistem tərəfindən tanınmasıının, qəbul edilməsinin təzahürüdür. Məhkəmə gözlənildiyi kimi, təkcə, Ermənistan tərəfinin iddialarını əsassız saymaqla kifayətlənməyib, həm də rəsmi İrəvanın üzərinə yerinə yetirilməsi vacib hesab edilən bəzi öhdəliklər qoyub: “Qonşu ölkədə etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə barədə qərarın qəbul edilməsi revanşistlərin qafasına endirilən növbəti dəmir yumruq kimi də dəyərləndirilə bilər. Çünki bu qərarın qəbul edilməsində Azərbaycan tərəfinin təqdim etdiyi tutarlı dəlil-sübutlar, beynəlxalq hüquq müstəvisində rəsmi Bakının atdığı adekvat addımlar həlledici rol oynayıb”.
Siyasi ekspert mina xəritələrinin qaytarılması ilə bağlı müddəanın qərarda əksini tapmamasını İrəvanın bir neçə gün əvvəl müvafiq xəritələri Azərbaycana təqdim etməsi ilə əlaqələndirib: “Doğrudur, əvvəl təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin həqiqətəuyğun olması bəllidir. Bu səbəbdən son xəritələrin də ciddiliyinə, həqiqiliyinə xeyli şübhələr var. Bununla belə, müvafiq xəritələri 10 hərbi əsirin qaytarılıması müqabilində təqdim etməklə Ermənistan həmin bəndin qərarda əksini tapmasının qarşısını ala bilib”.
Politoliq İlyas Hüseynov isə vurğulayıb ki, müharibədən ötən bir il ərzində yeni geosiyasi reallıqlar formalaşıb, eyni zamanda artıq yaranan problemlərin həll olunması istiqamətində beynəlxalq instansiyalara müraciətlərin sayında da artım müşahidə olunur: “Qarşılıqlı surətdə təlrəflər bir-birini ittiham edir. Çox yaxşı haldır ki, artıq hüquqi münasibətlər sistemində məsələlərə baxılır”.
Politoloq bildirib ki, tərəflər Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər. Mina xəritələrin qaytarılması iddiası ilə yanaşı Ermənistan müharibə zamanı tutulan şəxslərin geri qaytarılmasl iddiasını da verib. Məqsəd bu sahədə də Azərbaycanı günahkar qismində göstərmək olub: “Lakin Ermənistanın heç bir iddiası təmin edilməyib. Bu bir daha onu göstərdi ki, Ermənistanın təqdim etdiyi iddialar arqumentsizdir, eyni zamanda beynəlxalq ictimaiyyət Azərbaycan tərəfinin vaxtında və əsaslandırılan şəkildə təqdim etdiyi dəliləri diqqətlə nəzərdən keçirib. Çünki həmin şəxslər müharibədən sonra, 10 noyabr tarixində imzalanan məlum sənəddən sonra bölgəyə terrorçuluq məqsədilə gəlmişdi. Rusiyanın xarici işlər naziri Sergey lavrov da bununla bağlı keçirdiyi görüşlərin birində fikirlərini auditoriyanın diqqətinə çatdırıb. Ermənistan tərəfi terrorçuluq məqsədilə həmin şəxsləriu Azərbaycan tərəfində göndərib. Əgər 16 noyabr tarixində baş verən hərbi təxribatdan söhbət gedirsə, onlar da Azərbaycan ərazisinə qanunsuz şəkildə müdaxilə etməyə cəhd göstərmiş və zərərsizləşdirilmişdi”.
İ.Hüseynov onu da qeyd edib ki, digər tərəfdən məhkəmədə həmçinin Ermənistanın Qənimətlər Parkının bağlanmasına dair iddiası vardı, o da təmin olunmadı. Qeyd etmək lazımdır ki, Azərbaycn tərəfinin tutarlı arqumentləri Hərbi Qənimətlər parkının bağlanılmaması ilə nəticələndi: “Parkın mövcudluğu Azərbaycana qarşı olan aqressiya siyasətinin bir nümunəsidir. Həmin parkda Azərbaycan ərazisində qurulan istehkam qurğuları, maneələr, xəritələ, hərbi texnika nümayiş olunur. Eyni zamanda Ermənistan Azərbaycan tərəfində müharibə cinayətlərinin araşdırılması iddiası irəli sürüb. Bu iddia da təmin olunmadı. Çünki Azərbaycan tərəfi bütün iddialara qarşı əsaslı arqumentlər təqdim edib. Bundan sonra da Ermənistanın təqdim edəcəyi hər hansı bir idda rəsmi Bakının tutarlı arqumentləri ilə alt-üst ediləcək və nəticədə İrəvan yenə məğlub olacaq”.

Əli