Müsavat Partiyasının Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda ittiham edilən bir neçə üzvünün həbs olunması Azərbaycan adına bir ləkədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, ilk növbədə, bəzi azərbaycanlıların orada belə bir qanunsuz işlə məşğul olmaları çox utancvericidir: “Azərbaycan iqtidarı, Yeni Azərbaycan Partiyası, Azərbaycan ziyalıları həmişə çalışır ki, Azərbaycan xalqının, dövlətinin beynəlxalq aləmdə nüfuzunu qaldıran işlər görsünlər, xalqı daha mədəni, daha sivil, demokratik, hüquqa hörmət edən bir millət kimi təqdim etsinlər. Lakin radikal müxalifətdən olan bəzi azərbaycanlıların Avropada qeyri-qanuni əməllərlə məşğul olması əlbəttə bizim bütövlükdə xalqımız haqqında mənfi fikirlər yaradır.
Şübhəsiz ki, bu cür hərəkətlər ictimaiyyət tərəfindən pislənməlidir. Öncədən də biz deyirdik ki, belə faktlar var. Tək Almaniyada deyil, digər Avropa ölkələrində də belə qeyri-qanuni fəaliyyətlə məşğul olan müxalifətçilər var. Ciddi siyasətçilər belə işlərlə məşğul olmaz. Bu, sadəcə alverdir. Bunlar bütövlükdə Azərbaycan millətinin və dövlətinin tarixinə ləkə ola biləcək addımlardır. Hər şey qanun çərçivəsində olmalıdır. Yoxsa, Azərbaycan vətəndaşını gah erməni adı ilə pasportunu, sənədlərini dəyişdirib, gah da guya Azərbaycanda hüquqları pozulan adam kimi Avropa ölkələrində yerləşdirmək özünə siyasətçi deyən adama yaraşmayan hərəkətdir. Bu əməllərin nəticəsi bu cür də olmalı idi”.
Deputatın sözlərinə görə, bu hadisə bir daha göstərir ki, radikal müxalifət, o cümlədən Müsavat Partiyası, Milli Şura, AXCP "miqrant alveri" ilə məşğuldurlar: “Onlar düşünürdülər ki, adamları ora göndərməklə həm pul qazana, həm də xaricdə müxalifət diasporunu yarada bilər və xaricdən müəyyən qüvvələri Azərbaycan əleyhinə yönəldə bilərlər. Əslində, bu, elə ermənilərin, erməni diasporunun arzuladığı və gördüyü bir işdir. Ancaq onlar bu əməlləri ilə cəmiyyət qarşısında özlərini ifşa etdilər”.