• 19 Aprel 2024
logo
“Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsinin iki əsas səbəbi var”

“Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsinin iki əsas səbəbi var”

Ermənistan parlamentinin spikeri Alen Simonyan sərsəm bəyənatla çıxış edib.

Erməni spiker “Lavrov planını” xatırladıb və “Qarabağın təhvil verilməsini” Rusiya ilə əlaqələndirib.

Rusiya XİN isə bu iddianı təkzib edib: “Həqiqətdə yox, yalnız təsəvvürdə mövcud olan nəyisə şərh etmək çətindir. Lavrov planı da belə təsəvvür edilən reallıqlardandır. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllindən söhbət getdiyi halda “təhvil vermək” ifadəsini demək olmaz.

Ermənistan rəsmisinin birdən-birə Rusiyanı ittiham etməsinə səbəb nədir?

Danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu bir zamanda Rəsmi İrəvan niyə “suyu bulandırır”?

Ermənilərin bu “gedişinin” arxasında nə dayanır?

Siyasi şərhçi Elçin Mirzəbəyli yaranan suallarla bağlı açıqlamasında qeyd edib ki, əslində “Lavrov planı” adlı hər hansı bir planın olmadığını ermənilər kifayər qədər yaxşı bilirlər:

“Hətta bilməsələr belə, 44 günlük müharibənin nəticələri belə bir planın olmadığını anlamaq üçün yetərlidir. Əgər “Lavrov planı” adlı bir plan olsaydı və həyata keçirilsəydi, o zaman nə Nikol Paşinyan baş nazir, nə də Alen Simonyan parlamentin sədri olmayacaqdı. Çünki Sergey Lavrovun yenilənmiş Madrid prinsipləri əsasında aktiv fəaliyyətə başladığı zaman 2015-ci il ildi və hələ Aprel döyüşləri də baş verməmişdi. Hakimiyyətdə isə müharibə cinayətkarı Serj Azatoviç idi. 2016-cı ilin yanvarında Rusiya Xarici işlər nazirliyi bəyan etdi ki, “Qarabağ problemi”nin tənzimlənməsi ilə bağlı “Lavrov planı” deyilən bir sənəd yoxdur. Sitat: Həmsədrlərin danışıqlar prosesinin müxtəlif mərhələlərində hazırladıqları sənədlər var və onların sayı beşə yaxındır”. Daha sonra Aprel döyüşləri baş verdi və Serj Sarkisyan Azərbaycan torpaqlarının mərhələli şəkildə, konkret vaxt göstərilməklə azad ediləcəyi barədə öhdəlik götürdü və əməl etmədi. Yenə də Sergey Lavrov 2016-cı ilin mayında bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında kompramis mümkündür, amma mövcud şərait nəzərə alınmaqla, bu mərhələli şəkildə baş tuta bilər. Sitat: “Tənzimlənmənin birinci mərhələsi üçün parametrlərin razılaşdırılması imkanı mövcuddur. Bunlar Rusiyanın vasitəçiliyi ilə, həmsədrlərin ümumi yanaşmaları əsasında formalaşdırılıb və fransalı, amerikalı tərəfdaşlarımızın dəstəyini qazanıb”".

Siyasi şərhçi bildirib ki, Lavrovun açıqlamasında, Ermənistanın Aprel döyüşlərindən sonra üzərinə götürdüyü öhdəliklərlə bağlı diplomatik xatırlatmalar var:

"Amma məlum oluğu kimi, Serj Sarkisyan bu öhdəliklərin yerinə yetirilməsindən müxtəlif bəhanələrlə yayındığı üşün, son nəticədə proseslər onun hakimiyyətdən gedişi ilə nəticələndi. Hesab edirəm ki, əgər həmin dövrdə Serj Azatoviç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, müharibə baş verməyəcəkdi, kommunikasiyalar açılacaqdı, Ermənistanın böhrandan çıxmasına imkan yaranacaqdı və təbii ki, bu müsbət dəyişikliklər Serj Sarkisyanın hələ bir müddət də hakimiyyətdə qalmasına imkan verəcəkdi. Ermənistan hakimiyyətinin təmsilçisinin Rusiyanı “Qarabağı təhvil verməkdə” ittiham etməsinin iki əsas səbəbi var. Bunlardan birincisi təmsil etdiyi hakimiyyətin müharibədəki məğlubiyyətinin məsuliyyətindən yayınmaq, Azərbaycan Ordusunun kimsədə şübhə doğurmayan qələbəsinin üzərinə kölgə salmaq cəhdidir. İkinci səbəb isə, dekabrın 15-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçiriləcəyi gözlənilən görüş öncəsi Rusiyanın vasitəçiliyinin üzərinə kölgə salmaqla, Qərbə yarınmaq niyyətidir. Qərbdə anti-Rusiya əhval-ruhiyyəsinin körükləndiyi, rəsmi Moskvanın “cəhənnəm sanksiyaları” ilə hədələndiyi bir vaxtda, rəsmi İrəvan yaranmış vəziyyəti, çox güman ki, özü üçün fürsət kimi dəyərləndirir. Xatırladım ki, Rusiya Xarici işlər nazirliyinin erməni spikerin fikirlərinə münasibəti də birmənalı deyil və “ikibaşlı qartal”n ikiüzlü yanaşmasını nümayiş etdirir. Qeyd edim ki, Rusiya XİN-in açıqlamasında yer alan “Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllindən söhbət getdiyi halda “təhvil vermək” ifadəsini demək olmaz” yanaşması, mövcud reallıqların “mübahisəli vəziyyət” kimi təqdim olunmasına imkan verir ki, bu da həm 10 noyabr bəyanatının prinsiplərinə, həm də Soçidə imzalanan son üçtərəfli bəyanatın mahiyyətinə uyğun deyil. Eyni zamanda Rusiya Prezidentinin Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuat konfransında səsləndirdiyi fikirlərdən diplomatik üslubda yayınma cəhdi təəssüratını yaradır”.