• 29 Mart 2024
logo
Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünyada sülh və sabitliyə növbəti mühüm töhfəsidir - RƏYLƏR

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünyada sülh və sabitliyə növbəti mühüm töhfəsidir - RƏYLƏR

Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi dövlətimizin dünyada sülhün və sabitliyin təmin edilməsinə növbəti mühüm töhfəsidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu cür tədbirlərin keçirilməsi həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, həm də ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli imkanlar yaradır: “Azərbaycanda daim din sahəsinə böyük diqqət yetirilir. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dövlət-din münasibətləri mövcud qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Bu baxımdan, Azərbaycan dünyaya nümunə ola biləcək bir ölkədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı yuksək səviyyədə təmin edilir”.

Deputat əlavə edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi göstərir ki, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin təminatında çox böyük rola malikdir və Azərbaycan paytaxtından dünya üçün çox mühüm siyasi əhəmiyyətli mesajlar ünvanlanır: “Hesab edirəm ki, belə bir tədbirin Bakıda keçirilməsi nəticə etibarı ilə bütün dünyaya nümayiş etdirəcək ki, Azərbaycan bu gün sabit, təhlükəsiz, tolerant, multikultural, öz hədəfləri olan ölkədir və beynəlxalq təhlükəsizliyin təminatında böyük rola və əhəmiyyətə malikdir”.