• 19 Aprel 2024
logo
Tahir Budaqov: “Ukrayna şirkətlərini azad olunmuş ərazilərimizin bərpasında iştiraka dəvət edirik”

Tahir Budaqov: “Ukrayna şirkətlərini azad olunmuş ərazilərimizin bərpasında iştiraka dəvət edirik”

Ukraynada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında iqtisadi-ticari əlaqələrin perspektivləri müzakirə edilib.
Ukraynanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu deyən Gennadi Çijikov bildirib ki, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə dinamik əməkdaşlıq davam edir. Hər iki ölkə enerji, sənaye, kənd təsərrüfatı sahələrində birgə layihələr reallaşdırır. Onun sözlərinə görə, Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi artmaqdadır, lakin bu rəqəm mövcud potensialı əks etdirmir. Ona görə də hər iki ölkənin şirkətlərinin qarşılıqlı investisiya yatırımının artırılması istiqamətində işlər davam etdirilməlidir. Ukraynanın ərzaq və qeyri-ərzaq məhsullarının istehsalına görə Avropa ölkələri arasında öncül yerlərdən birini tutduğunu deyən Gennadi Çijikov vurğulayıb ki, Ukrayna Azərbaycan vasitəsilə üçüncü ölkələrə, o cümlədən İran bazarına çıxa bilər, bu istiqamətdə birgə layihələr həyata keçirmək olar.
İşğal altındakı torpaqlarımızın azad olunması münasibətilə təbriklərini çatdıran Gennadi Çijikov deyib ki, Ukrayna şirkətləri bu ərazilərin bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.
Azərbaycan və Ukraynanın ümumi tarixə malik olduğunu xatırladan YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur: “Azərbaycan və Ukraynanın iqtisadi əlaqələrində istifadə olunmamış böyük potensial var. Ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz”.
Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini deyən YAP Sədrinin müavini 44 günlük Vətən müharibəsində ölkəmizin haqlı mübarizəsini müdafiə etdiyi üçün Ukrayna dövlətinə təşəkkürünü bildirib: “Azərbaycanın işğaldan azad edilən əraziləri demək olar tamamilə dağıdılıb. Hazırda orada bərpa və yenidənqurma işləri aparılır. Artıq magistral yollar çəkilib, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, dini və tarixi abidələr bərpa edilib. Şuşa şəhərində beynəlxalq festivallar keçirilib. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycana dost ölkələr işğaldan azad olunan ərazilərimizin bərpa işlərində iştirak edə bilərlər. Biz Ukrayna şirkətlərini işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işlərində iştiraka dəvət edirik”.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş müzakirələr aparılıb.