• 18 Yanvar 2022
logo
Xarici İşlər Nazirliyində işə qəbul qaydaları açıqlanıb

Xarici İşlər Nazirliyində işə qəbul qaydaları açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) vakant vəzifələrin sayı açıqlanıb.
Diplomatik xidmətə qəbul olunma ilə bağlı brifinqdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, hazırda XİN-də təxminən 50-60 vakant yer var və bu rəqəmlər dəyişir.
Onun sözlərinə görə, kadr siyasətində yeni yanaşmaların tətbiqi, ezam olunmanın şəffaf şəkildə həyata keçirilməsi, əməkdaşların biliyi, savadı, ölkənin milli maraqlarının müdafiəsi nəzərə alınır.
Nazir müavini deyib ki, XİN-in bu sahədə fəaliyyət istiqaməti təhlil olunub, boşluqlar və çatışmazlıqlar aşkar edilib: “İşə qəbul mərkəzləşdirilmiş, şəffaf qaydada müsabiqə əsasında təşkil edilir, daxili müsabiqə və kollektiv qərarvermə əsasında aparılır”.
O vurğulayıb ki, geri qayıdan diplomatların təyinatı üzərində işlər aparılır.
E. Məmmədov qeyd edib ki, ötən ilin sentyabrında 75 diplomatik xidmət əməkdaşının, 15 inzibati xidmət əməkdaşının nazirlikdə vakant yerlərə təyinatı mümkün olub: “62 diplomatik xidmət əməkdaşı və 40 inzibati xidmət əməkdaşı xarici ölkələrdəki postlara təyin olunub. Yeni kadrlara tələbatı nəzərə alaraq sistemdən kənar şəxslərin təyinatı ilə bağlı işlər görülüb. Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə kadrların seçilməsi üçün mühüm meyarlar müəyyən olunub, müvafiq proqram hazırlanıb. Namizədlərə aid tələblər "Diplomatik xidmət haqqında" Qanunla müəyyən edilir. İşə qəbul iki mərhələdən ibarətdir. Birinci mərhələdə test və esse tipli tapşırıqlar DİM tərəfindən təşkil olunur. Bu, yazılı imtahandır. Daha sonra nəticələr DİM tərəfindən XİN-ə təqdim olunacaq. İmtahanda uğur qazananlar müsahibə mərhələsinə keçəcək və bu mərhələdə Daxili Müsabiqə Komissiyası namizədləri yoxlayacaq. Onların dünya görüşü yoxlanılacaq, Azərbaycanın mədəniyyəti, dövlət siyasəti, tarixi barədə suallar veriləcək. Müsahibə prosesi videoçəkiliş vasitəsilə qeydə alınacaq. Bu mərhələdə uğur qazanan namizədlər sınaq müddəti keçəcək, daha sonra işə qəbul olunacaq. İmtahanlarda hər bir namizəd üçün bərabər şərait yaradılacaq”.