• 6 Dekabr 2019
logo
add image
Prezident İlham Əliyev: Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır

Prezident İlham Əliyev: Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır

Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi.

Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hər il bir neçə ölkədə şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir. Çünki hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafa da yer qalmır. Əfsuslar olsun ki, son illər ərzində dini zəmində müxtəlif ölkələrdə iğtişaşlar, müharibələr, münaqişələr baş alıb gedir. Əfsuslar olsun ki, bir çox hallarda dini şüarlar altında böyük cinayətlər törədilir.

Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir. Bu ilin avqust ayında mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni şeyx həzrətlərinə verilmişdir və bu gün təntənəli şəkildə bu yüksək mükafat şeyx həzrətlərinə təqdim ediləcəkdir".