• 21 Yanvar 2022
logo
GUAM-a üzv dövlətlərin xarici işlər nazirləri birgə Protokol imzalayıb

GUAM-a üzv dövlətlərin xarici işlər nazirləri birgə Protokol imzalayıb - YENİLƏNİB

Bu gün nazir Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə iştirak edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi xəbər verir ki, Gürcüstanın sədrliyi ilə keçirilən görüşdə çıxış edən nazir Ceyhun Bayramov, pandemiya şəraitində GUAM üzv ölkələri ilə əməkdaşlıq, müxtəlif istiqamətlərdə GUAM çərçivəsində layihələrin həyata keçirilməsi, habelə müharibə sonrası bölgədə mövcud olan vəziyyət barədə həmkarlarına məlumat verib.
Çıxışda aşağıdakı əsas məqamlar səsləndirilib:
GUAM çərçivəsində müxtəlif istiqamətlər, o cümlədən azad ticarət zonası, konsulluq, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir. Azərbaycan, GUAM Nəqliyyat Dəhlizi layihəsinin Şərq ilə Qərb arasında nəqliyyat və ticarətin əsas elementi kimi nəzərdən keçirir və bu layihənin reallaşmasını dəstəkləyir.
GUAM çərçivəsində parlament ölçüsü əməkdaşlığın əhəmiyyətli tərkib hissəsini təşkil edir və üzv ölkələrin parlamentarları arasında əməkdaşlığın genişləndirilməsi önəmlidir.
Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Hazırkı mərhələdə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir. İnanırıq ki, sözügedən bəyanatlara uyğun olaraq nəqliyyat vasitələrinin bərpa edilməsi regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsində müsbət rol oynayacaq və bizim bütün tərəfdaşlarımızın xeyrinə bölgədə ticarət və nəqliyyatı əhəmiyyətli şəkildə artıracaqdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Bu işlər nəticəsində azərbaycanlı məcburi köçkünlər öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönəcəklər.
GUAM üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə Protokol imzalanıb.
***
15:24

İsveçin paytaxtı Stokholmda GUAM Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası keçirilib.
İclasda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri iştirak edib.
Görüş ATƏT XİN Şurasının iclası çərçivəsində baş tutub.