• 26 May 2022
logo
Prezidentin köməkçisi beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək verməyə çağırıb

Prezidentin köməkçisi beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək verməyə çağırıb

“Mina problemi hələ də qalmaqdadır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə çalışanlar, mülki insanlar, hərbçilər minaya düşürlər: “Bu, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətinin növbəti nümunəsidir. Bu ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin və məcburi köçkünlərin qayıdışı prosesinə mane olmaq və maksimum dərəcədə mülki şəxslər və hərbçilər arasında ölüm hallarına nail olmaqdır. Minaların hansı məqsədlə basdırıldığını hər kəs yaxşı başa düşür. İnsanların daşıdığı vəzifədən və statusundan asılı olmayaraq, mina öz qurbanlarını gözləyir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən də Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət qarşısında da bu məsələni qaldırıb. Bir daha da beynəlxalq ictimaiyyətə müraciət etmək istəyirik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə də dəstək artırılmalıdır. Xüsusilə BMT və onun strukturları tərəfindən dəstəyin artırılmasına ehtiyac var”.
O vurğulayıb qeyd edib ki, bu məsələdə vətəndaşlardan da çox şey asılıdır: “Vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə gedəndə diqqətli olmalıdır. Hər bir insan minanın potensial qurbanı ola bilər”.