• 18 Yanvar 2022
logo
Qüdrət Həsənquliyev: “Bu tarixi hadisə bizim dövlətin adı ilə yaddaşlarda  qalacaq”

Qüdrət Həsənquliyev: “Bu tarixi hadisə bizim dövlətin adı ilə yaddaşlarda qalacaq”

“Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılmasını gələcək əməkdaşlıq və Azərbaycanın təbliği baxımdan olduqca yüksək qiymətləndirirəm”

Parlamentlərarası İttifaqın Madriddə keçirilən 143-cü sesiyasında Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev tədbir haqqında təəssrütlarını bölüşüb.

Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə müsahibəsində müsahibəsində tədbirin İspaniya hökuməti tərəfindən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Məlum olduğu kimi, İPU-da (Parlamentlərarası İttifaq) 193 ölkə təmsil olunur. Madriddə keçirilən 143-cü sessiyada mindən artıq nümayəndə iştirak edirdi. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Sahibə xanım tədbirdə çıxış edərək yaşadığımız dövrün çağırışlarından, xüsusilə Azərbaycan Respublikası Prezidentinin BMT çərçivəsində COVİD-19-a qarşı qlobal bərpa paneli yaratmaq təşəbbüsündən, 30 il Ermənistanın işğalı altında qalan 20% torpaqlarımızda işğala son qoyulduqdan sonra aparılan bərpa işlərindən, işğal nəticəsində yaranmış bir milyon qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmaq imkanının yaranmasından danışdı. Sahibə xanım qeyd etdi ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladağı Birgə Bəyanatla münaqişəyə son qoyulub, indi dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması prinsipi əsasında sülh sazişi imzalanmalı və sərhədlərin delimitasiyası və demarkasiyasına başlanmalıdır.

Onu da vurğulayım ki,Sahibə xanımın diqqətçəkən çıxışından sonra Türkiyə, Rusiya, Pakistan, İran və bir çox digər ölkələrin nümayəndə heyətləri Sahibə xanıma dostcasına yaxınlaşıb onu təbrik edirdilər. Əlbəttə, bunları seyr etmək çox məmnunedici idi. Sözsüz ki, bu həm işğala son qoyulandan sonra ölkəmizin artan nüfuzu, həm də Sahibə xanımın şəxsiyyəti, onun həmkarları ilə təmas yaratmaq, ingilis və rus dillərində özünü sərbəst ifadə etmək bacarığı ilə bağlıdır. Hətta, bəzi böyük dövlətlərin yüksək çinli təmsilçilərinin Sahibə xanımın yanında boş stul olmaması səbəbindən dizlərini yerə qoyub onunla təmas qurmaqdan belə çəkinməməsini seyr etdik”.

BAXCP sədri müsahibəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılmasına diqqət çəkib və qeyd edib ki, bu barədə qərar 60 il öncə yaradılmış , hazırda üzv dövlətlərin sayı 120-yə çatan Hərəkatın 25-26 oktyabr 2019-cu il tarixdə Bakıda keçirilmiş zirvə toplantısında qəbul olunub: “Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi qərarın icrasına nail oldu və bu tarixi hadisə bizim dövlətin adı ilə yaddaşlarda qalacaq. Tədbirə Qoşulmama Hərəkatına üzv olan 50-dən artıq ölkənin 200-dən artıq parlament üzvü, İPU-nun Prezidenti D.Poçeko və Baş katibi M.Çunkong da qatılmışdı. Sahibə xanım tədbirə sədrlik edirdi. Tədbirin sonunda Palamentlər Şəbəkəsinin təsis olunması barədə Madrid Bəyənnaməsində Azərbaycana bu istiqamətdə gördüyü işlərə görə xüsusi minnətdarlıq ifadə olunurdu.Tədbirin sonunda iştirakçılara ziyafət verildi, incəsənət nümayəndələrimiz konsert proqramı ilə çıxış etdilər. Parlamentlər Şəbəkəsinin yaradılmasını gələcək əməkdaşlıq və Azərbaycanın təbliği baxımdan olduqca yüksək qiymətləndirirəm. Yeri gəlmişkən, tədbirin hazırlanması zamanı çəkdikləri əziyyətə görə İspaniyadakı səfirimiz Ramiz Həsənova və Milli Məclisin əməkdaşlarına da xüsusi təşəkkür etməyi özümə borc bilirəm. Onu da qeyd edim ki, Azərbaycanlı turistlərin sevimli yeri, bizimlə oxşar problemi olan İspaniya hər zaman Azərbaycana dəstək olub və Avropanın ən böyük bir neçə ölkəsindən biridir. İspaniyada böyük səfirliyimizin olmasına və bu ölkə ilə hava əlaqəsinin yaradılmasına böyük ehtiyac var”.