• 18 Aprel 2024
logo
“Azərbaycanın mövqeyi bütün platromalarda Ermənistandan güclüdür”

“Azərbaycanın mövqeyi bütün platromalarda Ermənistandan güclüdür” - Adil Əliyev

“Prezidenti İlham Əliyevin noyabrın 26-da Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli formatda keçirilən görüşü İrəvan üçün acı həqiqət anı oldu”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib. A.Əliyev bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlanılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı birmənalı olmayan, ziddiyyətli bəyanatlar verərək məsələni uzatmağa çalışırdı: “ Ermənistan hər vəchlə dəhliz ifadəsinin işlədilməsinə və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırdı. Son vaxtlar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş silahlı provakasiyalar da bu məqsədi güdürdü. Digər tərəfdən isə, movzunu üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan formatından çıxararaq Qərbi, o cümlədən Avropanı prosesə cəlb etməklə danışıqlar platformasını dəyişməyə, ATƏT-in Minsk Qrupunu yenidən dirçəltməyə və vaxt qazanmağa cəhd edirdi. Amma Soçidə üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış 26 noyabr Bəyannaməsi İrəvanın bu cəhdlərinin uğursuzluğa düçar olduğunu göstərdi.
Nikol Paşinyanın da imzaladığı bəyanatda deyilir ki, nəqliyyat və dəmir yollarının açılması ilə bağlı konkret layihələrin həyata keçirilməsi üçün tədbirlərin görülməsi zərurətdir. Bu isə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində irəlilyə atılmış daha bir müsbət addımdır. Mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putin “nəqliyyat dəhlizləri” ifadəsini bir neçə dəfə işlətdi”.
A.Əliyevin fikrincə, Vladimir Putin Nikol Paşinyanı ikitərəfli formatda qəbul edərkən bildirdi ki, üçtərəfli görüşün məqsədi gələcəkdə Ermənistanla Azərbaycan arasında baş verə biləcək faciəli hadisələrin qarşısını almaqdır: “Bu, İrəvana Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar və onların Ermənistanın özü üçün faciəvi nəticələr verə biləcəyi ilə bağlı bir xəbərdarlıq kimi dəyərləndirilməlidir.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Prezident Putin müzakirə edilən məsələlərlə bağlı Erməınistan və Azərbaycan liderlərinin 15 dekabrda Avropa İttifaqının Şərq Tərəfdaşıığı sammiti çərçivəsində keçiriləcək Brüssel görüşünə qədər konkret addımların atılmasının vacib olduğunu qeyd etdi. Bununla Rusiya Prezidenti Ermənistanın məsələni uzatmamalı, konkret işlər görməli və danışıqlar platformasını dəyişməməli olduğunu Nikol Paşinyanın nəzərinə diplomatik şəkildə çatdırdı.
Azərbaycanın üstünlüyü ondadır ki, onun mövqeyi həm Rusiyanın vasitəçilik etdiyi üçtərəfli formatda, həm də Avropa platformasında Ermənistandan güclüdür. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə, o cümlədən əsas ticarət tərəfdaşlarımızdan biri olan İtaliya ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayıb.
Avropa İttifaqının aparıcı iqtisadi gücü olan Almaniya Ermənistan-Azərbaycan münaqişəsində neytral mövqe nümayiş etdirdi və rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bir müddət öncə Almaniya kansleri Angela Merkel ərazi bütövlüyünün pozulmasını qınayaraq bildirmişdi ki, bu, Qarabağ müharibəsinə səbəb olub.
ABŞ Prezidenti Co Baydenin Ermənistanın Baş naziri Nikol Paşinyanı “Demokratiya sammiti” adlı tədbirə dəvət etməsi də Moskvanı qıcıqlandırır. Ermənistan Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının yeganə üzvüdür ki, bu tədbirə qatılacaq. Belə jestlər və manevrlər Rusiya hakim dairələrində Ermənistana qarşı yaranmış etimadsızlıq mühitini daha da artırır.
Bu fonda isə Azərbaycan Prezidenti İlham Əliyevin ustalıqla apardığı və beynəlxalq ziddiyyətlərdən milli mənafelərimiz naminə məharətlə istifadə edən yetkin xarici siyasəti sayəsində ölkəmizin nüfuzu və bizə olan etimad dünyanın müxtəlif siyasi qütblərində və paytaxtlarında hörmətlə qarşılanır və Azərbaycanla hesablaşırlar. Soçi görüşünün nəticələri bu hörmət və nüfuzun daha bir təzahürüdür”.