• 18 Yanvar 2022
logo
ABŞ-ın Bakıdakı səfirinin erməni təəssübkeşliyi etiraz doğurdu

ABŞ-ın Bakıdakı səfirinin erməni təəssübkeşliyi etiraz doğurdu

“Əminəm ki, Azərbaycan müxtəlif insanların tarixi-mədəni irslərinin mühafizəsinə eyni dərəcədə diqqət və qayğı ilə yanaşacaq. Bura azərbaycanlı, ermənilər və digər xalqlar daxildir. Düşünürük ki, UNESKO və digər ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməlidir. İlk addım olaraq buna ehtiyac var”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer Bakıda “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.

Bəs ABŞ səfiri nədən narahatdır? Niyə eyni narahatlıq həmin ərazilər erməni işğalı altında olanda, Azərbaycan abidələri ilə bağlı dilə gətirilmirdi? Bakının xahiş və tələblərinə rəğmən, UNESKO işğal altındakı durum haqqında niyə hesabat hazırlamırdı?

Sabiq dövlət müşaviri Qabil Hüseynli sərt suallarla çıxış etdi: “Bəzən adama elə gəlir ki, bunların bu məsələdən o qədər də xəbərləri yoxdur. Amma birmənalı şəkildə Amerika, eləcə də, UNESKO kimi beynəlxalq təşkilatlara istər işğaldan əvvəl, istərsə də, sonra olsun, hər şey su kimi aydındır. Digər tərəfdən, Azərbaycan tərəfi işğaldan sonra dəfələrlə səfirlərin həmin bölgələrə səfərlərini təşkil edib. Onlara hərtərəfli məlumat verilib. Şuşaya səfər zamanı ABŞ, Fransa kimi ölkələrin səfirlərinin getməməsi bir sıra məqsədləri, niyyətləri ortaya qoyur. Azərbaycan nə qədər səmimi münasibət ortaya qoyursa, əks mövqe ilə rastlaşır. Ölkəmiz mədəniyyət abidələri sırasında xristian abidələrinin də qorunmasına diqqət ayırır.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli: “Onun söylədiklərində siyasi yanaşma özünü açıq şəkildə büruzə verir”

Həmin torpaqlarda 67 məscid ermənilər tərəfindən dağıdılıb. UNESKO kimi təşkilatlar hara baxırdı? Azərbaycana hər hansı bir məsləhət verməyin yeri deyil. Bakının mərkəzində erməni kilsəsinə, onun içərisində olanlara necə həssaslıqla yanaşdığının şahididirlər. Hətta həmin kilsə təmir belə edildi. 30 illik işğal dövründə həmsədr ölkələrdən biri olan Amerika dağıntılara niyə susurdu? Səfirin söylədiklərində siyasi yanaşma özünü açıq şəkildə büruzə verir. Burada xristian təəssübkeşliyi açıq görünür. Bununla ABŞ başda olmaqla bir sıra ölkələr dünyaya yaymaq istədikləri mədəniyyətə kölgə salmış olurlar".

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “ABŞ səfiri ona görə narahatdır ki...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov səfirin bu cür danışmağa haqqının olmadığını söylədi: “Amerika səfiri ona görə narahatdır ki, onun ikili standartları təmsil edən ölkəsinin bir hindu qətliamları var. Hər halda atom bombasını ilk dəfə atıb iki şəhəri maddi, fiziki və mənəvi məhv edən bir ölkənin səfiri bundan narahat olmamalıdır. Eyni zamanda, Azərbaycan bu amerikanist dünya düzəninin beynəlxalq qurumlarının nazı ilə çox oynamamalıdır. Çünki onlar, hətta UNESKO belə siyasi konyukturlardan çıxış edirlər. Azərbaycan bu qurumlara rəsmi müraciətlər göndərməlidir ki, İrəvan qalası hanı? Kimsə soruşurmu?”

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “İkili standartlar”ını gizlədə bilmirlər"

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə “ikili standart”ların açıq göründüyünü qeyd etdi: “Azərbaycan yüz illərdir ki, başqa xalqların mədəni-tarixi irslərini qoruyur və digər xalqların dininə böyük hörmətlə yanaşır. Bu gün hər kəs Azərbaycanın multikultural dəyərlərə sahib olmasından danışır. Bu gün dövlətimiz bir çox ölkələr üçün nümunədir. 30 ildir Ermənistanla düşmən səviyyəsində yaşayırıq. Ermənilər milli etnik-təmizləmə apararaq bir nəfər azərbaycanlını İrəvanda saxlamayıb, ancaq bu gün 30 min erməni Azərbaycanda hələ də öz ailələri ilə birgə yaşayır. Bu faktı UNESKO və digər beynəlxalq qurumun nümayəndələri çox yaxşı bilir. İndi ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməyimizdən danışırlar. ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer Bakıda ”Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında bu cür çıxışlar edir. ABŞ səfirinə əvvəlcə xatırlatmaq lazımdır ki, Qarabağ 30 il idi ki, işğalda idi və bu mədəni irslərə ermənilər nəzarət edirdi. Bəs 100 illər idi kim və hansı xalq bu mədəni irsləri qoruyub bu günə qədər yaşatmışdı? Əlbəttə ki, Azərbaycan xalqı! Hətta min illik dini tarixi abidələri belə xalqımız qoruyub saxlayıb. İndi 30 ildən sonra öz torpaqlarımıza qayıtmışıq və bundan sonra da yüz illərlə həmin irsi qoruyacağıq. Buna görə mənasız yerə ABŞ səfiri narahat olmasın.

Yaxşı olar ki, ABŞ səfiri niyə bu günə qədər Azərbaycanın ərazisi olan Şuşaya getməməsinin səbəbini açıqlasın. Xalqımız bu sualın cavabını gözləyir. Həmçinin də haqlı olaraq sual yaranır ki, niyə eyni narahatlıq həmin ərazilər erməni işğalı altında olanda, Azərbaycan abidələri ilə bağlı dilə gətirilmirdi? Bakının xahiş və tələblərinə rəğmən, UNESKO işğal altındakı durum haqqında niyə hesabat hazırlamırdı? Bütün bunlar onu deməyə əsas verir ki, “ikili standartları”nı gizlədə bilmirlər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”