• 25 Aprel 2024
logo
Regionda Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik arxitekturası qurulur

Regionda Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik arxitekturası qurulur - TƏHLİL

Noyabrın 26-da dünyanın gözü Soçidə - Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşündə idi.
Bundan əvvəl onlar Moskvada 11 yanvar 2021-ci il tarixində görüşmüşdülər. Lakin üstündən bir ilə yaxın keçməsinə baxmayaraq, Ermənistan vaxt uzatmaqla danışıqlar prosesinə böhran yaratmaqla məşğul idi. Görünən odur ki, məğlub tərəf 100 il ərzində mövcud olan erməni mifinin iflasını həzm edə bilmir, ciddi mənəvi sarsıntı keçirərək, Qafqazda tarixi ədalətin bərpasıyla barışmaq istəmir.
Bu gün danışıqların əsas mövzusu olan sərhədlərin demarkasiya və delimitasiyası faktiki və hüquqi olaraq “dənizdən dənizə” erməniçilik ideologiyasının üstündən xətt çəkir, Ermənistana gələcək siyasətini mövcud sərhədləri daxilində qurmağı diqtə edir.
Nikol Paşinyan ilin əvvəlindən sərhədlərin müəyyənləşməsi və dəqiqləşməsi, o cümlədən nəqliyyat yolların açılması ilə bağlı pozitiv ruhda çıxışlar etsə də, əməldə əldə edilmiş razılıqların iflasa uğraması istiqamətində əlindən gələni edirdi, sülhün möhkəmləndirilməsi prosesinə ciddi zərbələr vururdu. Mütəmadi olaraq Azərbaycan və Ermənistan sərhədində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində ermənilər tərəfindən açılan atəş səsləri sözsüz ki, dünənə qədər əldə edilmiş razılıqların həllinin tapmamasının nəticəsi idi.
Azərbaycan isə bütün bu aylar ərzində prinsipial və qəti mövqeyini daim dünya ictimaiyyətinə, ələlxüsus, regionda marağı olan dövlətlərə açıq şəkildə bəyan edirdi və şərtlərinin mütləq şəkildə bütünlüklə yerinə yetirilməsinin zəruri olduğunu Ermənistan və onun havadarlarına çatdırırdı. Azərbaycanın dövlət başçısının böyük güclərlə dialoqda ortaya qoyduğu qəti və konkret mövqe, apardığı rasional, sistemli və düzgün proqnozlaşdırılmış siyasət ölkəmizin erməniçilik və onların arxasında olan qüvvələrə qalib gəlməsini şərtləndirirdi.
Dünən Soçidə baş tutan görüş bunun bariz nümunəsidir. Görüşün yekunlarına uyğun olaraq, yuxarıda qeyd edildiyi kimi, tarixi erməni mifini darmadağın edəcək, delimitasiya və demarkasiya prosesi ilə bağlı işçi qrupunun yaradılması qərarı, Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin dəqiqləşdirilməsi və müəyyənləşməsi, sülh müqaviləsinin bağlanmasının vacibliyi ilə bağlı bəyanatı, sözsüz ki, regionda yeni mərhələnin başlanğıcı kimi qəbul edilməlidir.
Delimitasiya və demarkasiya prosesi Qarabağdakı erməni toplumunun məsələsinin Azərbaycanın daxili işi olmasının hüquqi müstəvidə əksini tapması anlamına gəlir.
Ümumiyyətlə, sərhədlərin delimitasiya və demarkasiyası istənilən ağlı başında olan erməni siyasətçisi üçün prioritet olmalıdır. Bu mövzuda Azərbaycanın bir neçə ay əvvəl Ermənistana etdiyi xəbərdarlıq çox vacibdir. Əgər Ermənistan Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımazsa, Azərbaycan da eyni addımı Ermənistana qarşı ata, nəticə etibarı ilə hərbi, diplomatik, iqtisadi imkanları geniş olan dövlətimiz bu gün ermənilərin yaşadığı tarixi torpaqlarımızda haqqı və ədaləti bərpa edə bilər.
Ona görə də delimitasiya və demarkasiya mövzusunda Ermənistan hakimiyyətinə təzyiq edən daxili qüvvələr, Paşinyan hakimiyyətinin ayrı-ayrı nümayəndələri bu prosesin onlar üçün nə dərəcədə vacib olduğunu başa düşməlidirlər. Soçi anlaşması nəticəsində də ilin sonuna qədər iki tərəf arasında delimitasiya və demarkasiyaya dair işçi qrupunun yaradılması, texniki məsələlərin həllini tapması qərara alınıb.
İlin əvvəlindən tərəflər arasında müzakirə mövzusu olan digər vacib sahə nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlıdır.
Soçi görüşünün nəticələri ilə bağlı dünən tərəflər arasında qəbul edilmiş bəyanatda avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanılması ilə bağlı qərar qəbul edildi.
Ermənistan tərəfinin dəhliz məsələsi ətrafında manipulyasiyalarına baxmayaraq, Soçi görüşündə hər hansı şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi öz ifadəsini tapdı. Ermənilər tərəfindən bu gün qabardılan Zəngəzur yolunun dəhliz formasında açılmamasına yönələn çıxışlarının Soçi görüşündə iflası hər kəsin diqqətini çəkdi.
Çünki ayrı-ayrı məsələlər ətrafında erməni xislətinin olacağını yaxşı bilən Azərbaycan 10 noyabr Üçtərəfli bəyanatın bütün bəndlərində milli maraqlarımızı qorumağı bacarmışdı. Misal üçün, Bəyanatın 9-cu bəndində Zəngəzurla bağlı Ermənistan ərazisində süni baryerlərin, gömrük və sərhəd məntəqələrinin qurulmasını inkar edən “maneəsiz” ifadəsindən istifadə edilməsi, 6-cı bənddə isə Laçın yolu mövzusunda “maneəsiz” ifadəsinin yer almaması Prezidentin uzaqgörənliyinin bariz nümunəsi idi. Elə dünən Rusiya Prezidenti V. Putinin dəhliz ifadəsini işlətməsi də gələcəkdə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək bu yolun hansı hüquqi statusa malik olacağının göstəricisidir.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan Zəngəzur dəhlizini açacaq - istər danışıqlarla, istərsə də güc yolu ilə. Noyabrın 16-da Ermənistanın təxribatına verilən layiqli cavabdan sonra İrəvanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılmasına doğru gedirik.
Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir və bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür.
Beləliklə, son zamanlar istər sərhəddə, istərsə də Laçın və Şuşa istiqamətində baş verən təxribatlara, yaxında və uzaqda olan bəzi digər ölkələrin məkrli planlarına baxmayaraq, onların məqsəd və arzuları Soçi görüşündə bir daha iflasa uğradı. Soçi görüşündə bağlı qapılar arxasında əldə olunan və hələlik tam açıqlanmayan razılıqlar birmənalı olaraq Azərbaycanın milli maraqlarına cavab verir və ötən il başlayan yeni tarixi mərhələdə bundan sonra Bakının addım-addım məqsədlərinə çatacağına dəlalət edir.
Soşi görüşü siyasi və hüquqi müstəvidə də əhəmiyyətli məqamlarla əlamətdar oldu. İkitərəfli, üçtərəfli görüşlərdə, eləcə də görüşün yekunlarına dair bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlənməməsi, eləcə də 30 il ərzində münaqişənin nizamlanmasına heç bir töhfə verməyən ATƏT-in Minsk qrupunun, həmsədrlərin adının çəkilməməsi artıq proseslərin postmünaqişə dövrünə qədəm qoyduğunu, həmsədrlik institutunun isə uğursuz format kimi tarixin arxivində qaldığını bir daha təsdiqləyir.
Soçi görüşü Bakı və Moskvanın ümumi regional yanaşmaya malik olduğunu, liderlər arasında isə etibar, dostluq və qarşılıqlı anlaşma mövcudluğunu ortaya qoydu.
Paşinyan isə növbəti dəfə fərqli yanaşma sərgiləyir. Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan Soçi görüşü ərəfəsində də oxşar addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın bu cəhdi baş tutmadı və Soçidə güzəştə getməyə məcbur oldu.
Ermənistan atdığı son addımlarla növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Paşinyanın Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu.
Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Rusiyanın diqqətindən yayınmayıb və Moskva baş verənlərin, Ermənistanın hansı niyyət güdməsinin fərqindədir. Çünki bu sammit “Soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır. Ermənistan isə bu koalisiyada yer alan, KTMT və Avrasiya İqtisadi İttifaqına üzv olan yeganə ölkədir.
Soçi görüşü, eləcə də baş verən proseslər belə nəticəyə gəlməyə əsas verir ki, İrəvanla Moskva arasında bu inamsızlıq mühiti fonunda Azərbaycanın yürütdüyü düşünülmüş siyasət həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur. Bu arxitekturanın müəllifi isə Prezident İlham Əliyevdir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov