• 7 Oktyabr 2024
logo
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Xoş gəlmisiniz Azərbaycana, sizi səmimiyyətlə salamlayıram. Zirvə görüşündə iştirak etməyiniz bizi çox məmnun edir, şadam ki, ölkəniz bu tədbirdə yüksək səviyyədə təmsil olunur. Əlbəttə, səfəriniz yaxşı imkan yaradır ki, biz ikitərəfli münasibətlər haqqında danışaq. Bizim ikitərəfli münasibətlərimiz də uğurla inkişaf edir və bir çox sahələri əhatə edir. Sizin ölkəniz bu yaxınlarda Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunmuşdur və Yekun Bəyannamənin qəbul edilməsində də ölkənizin mövqeyini biz yüksək qiymətləndiririk. Bildiyiniz kimi, növbəti üç il ərzində Azərbaycan bu Hərəkata sədrlik edəcək və bu vəzifəyə çox böyük məsuliyyətlə yanaşırıq. İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var. Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər. Şadam ki, turizm sahəsində də yaxşı irəliləyiş var, həm Azərbaycan turistləri ölkənizi ziyarət edirlər, həm də ki, Misirdən gələn qonaqların sayı artmaqdadır. Təbii ki, parlamentlərarası əlaqələrə də böyük əhəmiyyət verilir. Əminəm ki, səfər zamanı bu əlaqələrə yeni təkan veriləcək.
Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-ŞƏRİF dedi:
-Bismillahir rəhmanir rəhim. Möhtərəm cənab Prezident, icazə verin, əvvəlcə vaxt tapıb bizi qəbul etdiyinizə görə Sizə şəxsən öz adımdan və həmkarlarım adından təşəkkürümüzü bildirim. Bütün Azərbaycan xalqına qonaqpərvərliyə və istiqanlılığa görə dərin təşəkkürümüzü bildiririk. İcazə verin, Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisinin şəxsən öz adından və Misir xalqı adından Sizə və Azərbaycan xalqına ehtiramını və dərin təşəkkürünü çatdırım. Şəxsən öz adımdan bildirmək istəyirəm, mən çox xoşbəxt insanam ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevlə Misirdə görüşmüşəm. Bu gün də çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşürəm. Əlbəttə ki, son illər Azərbaycanın bütün sahələrdə, istər iqtisadi, istər infrastruktur, istərsə də bütün sahələrin inkişafı baxımından əldə etdiyi nailiyyətlər digər dünya dövlətlərinə bir nümunədir.

X X X

Prezident İlham Əliyev onun da salamlarını Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi.
Misirin Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif bildirdi ki, ölkəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.