• 10 Oktyabr 2024
logo
BAXCP rəsmiləri “Azadlıq” sammitində iştirak ediblər

BAXCP rəsmiləri “Azadlıq” sammitində iştirak ediblər

Yeganə Mehdibəyli:”Belə beynəlxalq tədbirlərdə təmsil olunan hər birimiz fürsət tapıb Azərbaycanla bağlı əcnəbi siyasilərə məlumat verməliyik, həqiqətləri çatdırmalıyıq, bir çox avropalı siyasilərinin təfəkkürlərindən erməniləşən fikirləri alt-üst etməliyik”

Noyabrın 8-də Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının (The Alliance of Conservatives and Reformists in Europe - ACRE) təşkilatçılığı ilə Ukraynanın Kiyev şəhərində “Azadlıq” sammiti keçirilib.
Sammitdə ACRE-nin üzvü olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli və Ali Məclisin üzvü, politoloq Nəzakət Məmmədova təmsil edib.
“Xalq Cəbhəsi”nə açıqlama verən BAXCP MNTK-nın sədri Y.Mehdibəyli bildirib ki, tədbir Kiyevin möhtəşəm “Fairmont” otelində təşkil olundu. Tədbirin əsas müzakirə mövzusu Ukrayna idi - Ukraynanın təhlükəsizliyi, siyasi məhbuslar, Ukraynanın Avroatlantik məkana iqtisadi inteqrasiyası və gələcəyi, Krımda vəziyyət.
Y.Mehdibəyli söyləyib ki, bu mövzularla bağlı panel çıxışlar olub: “Tədbiri Alyansın icraçı direktoru Riçard Milsom açdı. Sammitdə Alyansa üzv olan müxtəlif ölkələrin nümayəndələri iştirak edirdi. Amma Alyansın budəfəki tədbiri fərqli oldu. Yəni ümumi xarakter daşıyırdı, çıxışçılar əvvəlcədən müəyyənləşmişdi”.
T.Mehdibəyli bildirib ki, bu sammitdə əsas hədəf Rusiya oldu. Onun sözlərinə görə, çıxış edən bütün nümayəndələr Rusiyanın Ukraynaya qarşı ərazi iddiasını, Krımın işğalını hədsiz dərəcədə pislədilər: “Rusiyanın işğalçılıq siyasəti barədə mediada üstüörtülü fikirlərə rast gəlirdim. Amma beynəlxalq bir tədbirdə rəsmi Moskvanı işğalçılıq siyasətinə görə pislənməsi, özü də bir neçə müxtəlif ölkənin siaysilərinin dilindən, bunu ilk dəfə eşitdim. Çıxışçıların hamısı Rusiyanın işğalçılıq siyasətini əsaslandırılmış şəkildə ictimailəşdirdilər – faktlarla, sübutlarla”.
BAXCP rəsmisi onu da vuğulayıb ki, tədbirdən aldığı təəssürat onda belə bir fikir formalaşdırıb:”Avropa artıq MDB məkanında Rusiyanın “qara yara”ya çevrildiyini və bu region üçün böyük bir təhlükə yaratdığını qəbul edib. Krım tatarlarının lideri Mustafa Cəmil, Polşa, Cexiya, Böyük Britaniyadan gələn nümayəndələr dolğun çıxışlar etdilər. Orada açıq-aşkar Rusiyanın işğalçılıq siyasətinin faşist ideologiyası üzərində qurulduğu söylənildi. Biz bilirik ki, Krım, Gürcüstanın Cənubi Osetiya və Asbxaziya bölgəsi Rusiya tərəfindən işğal olunub, Dnestryanı regiond baş verənlərdə, Dağlıq Qarabağ münaqişəsinin və torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması prosesində rəsmi Kremlin birbaşa rolu olub. Bütün bunların hamısının Rusiyanın işğalçılıq ssenarisi əsasında həyata keçirildiyi artıq bütün Avropaya bəyandır”.
Y.Mehdibəylini təəssüfləndirən məqamlardan biri də həmin sammitdə Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməməsi oldu: “Düzdür, sammit bir ölkəyə həsr olunmuşdu, amma Rusiya təkcə Ukraynaya yox, Gürcüstan, Azərbaycan, Moldovaya qarşı da separatçı siyasət yürüdüb. Düzdür, həmin müzakirələrdə ötəri olaraq Gürcüstanın adı çəkildi, amma Dağlıq Qarabağdan söz açılmadı...”
BAXCP rəsmisi onu da bildirib ki, əvvəlcədən Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, Rusiyadan birbaşa dəstəklənməsi, dünyanın bu münaqişədə tutduğu ikili standartlarla bağlı çıxışa hazır idi: “Bizi ora bir dinləyici kimi dəvət etmişdilər. Amma mən beynəlxalq tədbirdə iştirak edirəmsə, orada olan əcnəbi siyasilərə nə yolla olursa, olsun ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan, torpaqlarımızın işğalından məlumat verməliydim. Düzdür, prosedur qaydalarına uyğun olaraq tribunadan çıxış etməyim mümkün olmadı. Dediyim kimi, tədbirin gündəliyi və çıxışlar əvvəlcədən hazırlanmışdı. Amma mən tədbirdən sonra Azərbaycan həqiqətlərini qonaqlarla bölüşdüm, onlara Azərbaycanın iştisadi cəhətdən çökən, əhalisi ildən-ilə azalan, borc, səfalət içində batan Ermənistanla yox, onun himayədarı Rusiya kimi güclü bir ölkə ilə üz-üzə qaldığımızı söylədim”.
Y.Mehdibəyli vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyətindən gələn nümayəndələrlə geniş tərkibdə görüş keçiriblər. Keçirilən bütün görüşlərdə BAXCP rəsmiləri təkcə Dağlıq Qarabağ münaqişəsi, erməni işğalından yox, Azərbaycanda aparılan reformalardan, iqtisadiyyatının güclənməsindən, ordu quruculuğundan, turizm potensialından bəhs ediblər: “Belə beynəlxalq tədbirlərdə təmsil olunan hər birimiz fürsət tapıb Azərbaycanla bağlı əcnəbi siyasilərə məlumat verməliyik, həqiqətləri çatdırmalıyıq, bir çox avropalı siyasilərinin təfəkkürlərindən erməniləşən fikirləri alt-üst etməliyik”.
Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (The Alliance of Conservatives and Reformists in Europe – ACRE) 2010-cu ildə yaradılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 33 ölkədən olan 38 üzv və tərəfdaş siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları ACRE-nin regional tərəfdaşlarıdır.
Alyansın üzvü olan partiyalar Avropanın bir sıra ölkələrində hakimiyyət partiyalarıdır. Bu sırada Böyük Britaniyanın Mühafizəkarlar, Türkiyənin Ədalət və İnkişaf, Polşanın Hüquq və Ədalət partiyalarını qeyd etmək olar.
ACRE Avropa Parlamentində 71 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. ACRE-nin təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse-prezidentidir.
Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.
Onu da qeyd edək ki, ötən il iyunun 9-da BAXCP-nin təşkilatçılığı ilə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib.