• 30 Noyabr 2021
logo
Ən böyük sərvətimiz - milli qürurumuz, Vətənimiz, Dövlətimiz, Bayrağımızdır

Ən böyük sərvətimiz - milli qürurumuz, Vətənimiz, Dövlətimiz, Bayrağımızdır

Azərbaycan torpaqlarının 30 ilə yaxın bir zaman kəsiyində işğal altında qalmasına susan, Soros Fondu, Milli Demokratiya İnsitutu və digər bu kimi xalqımızı təslimçiliyə sövq etməyi qarşısına məqsəd qoyan, erməni diasporu və lobbisi ilə sinxron hərəkət edən təşkilatların ayırdığı vəsaitlərlə Gürcüstanda, Polşada, Fransada, ABŞ-da erməni millətçiləri ilə qolboyun olub milli maraqlarımızı “qara qəpiyə”, yaxud “ağ sentə” satanlar tarixi və qanuni sərhədlərimizin bərpasından narahatlıq geçirməyə, sosial şəbəkələrdə növbəti “saçyoldu”, “üzcırdı” kampaniyasına başlayıblar.

İndi, Azərbaycan xalqı öz torpaqlarının şəhidlərinin qanı, əsgər və zabitlərinin rəşadəti, Ali Baş Komandanının xarakteri və zəkası hesabına işğalına son qoyduqdan, sərhədlərinin toxunulmazlığını təmin etdikdən və kapitulayasiyaya uğramış işğalçını öhdəliklərini yerinə yetirməyə məcbur etmək gücündə olduğunu sərgilədikdən sonra, Sorosun tör-töküntülərinin, klassik “beşinci kolon” təmsilçilərinin yadına düşüb ki, sən demə Azərbaycan BMT-nin üzvü imiş, ölkəmizin beynəlxalq hüquqla tanınmış sərhədləri və yalnız bu sərhədlər çərçivəsində ölkəmizi qorumaq hüququ varmış... Ləyaqətsizlər! Hətta Ermənistanı müdafiə edəndə də bunu Azərbaycanın adı üzərindən edirlər. Əslində isə demək istəyirlər ki, “Ermənistan BMT-nin üzvüdür və bu ölkənin beynəlxalq hüquqla tanınmış sərhədləri var və Azərbaycan da torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, xalqımıza qarşı soyqırım və digər müharibə cinayətləri həyata keçirən, yaşayış məntəqələrimizi, tarixi, dini abidələrimizi viran qoyan, daşınar və daşınmaz mədəniyyət nümunələrimizi məhv edən vandal ölkənin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılmalıdır. Sərhədlərlə, xəritələrlə bağlı məsələni hələlik bir kənara qoyuram. Amma bu nanəciblərə, soysuzlara xatırladıram ki, Azərbaycan torpaqları işğal altında olanda da BMT-nin üzvü idi və BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsi vardı. O qətnamələr ki, 27 il ərzində icra edilmədi və Azərbaycan BMT TŞ-nin qəbul etdiyi qətnamələri özü icra etmək məcburiyyətində qaldı... Ermənistan hətta bu gün də Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımır, ölkəmizə qarşı ərazi iddialarını davam etdirir. Maraqlıdır, görəsən 30 ilə yaxın müddət ərzində neçə erməni hüquq müdafiəçisi, siyasətçisi Azərbaycan ərazilərinin işğalını pisləyib, Ermənistan rəhbərliyini BMT TŞ-nin qətnamələrinə əməl etməyə çağırıb, rəsmi İrəvana Azərbaycan sərhədlərinin toxunulmazlığını xatırladıb? 1994-cü ildə erməni yazıçı-publisisti Vardqes Petrosyan, sadəcə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyindən yazmışdı, hətta Ermənistan rəhbərliyini işğala son qoymağa, Azərbaycanın ərazi bütövlünü tanımağa, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyə belə çağırmamışdı və adamı evinin qarşısında güllələyib qətlə yetirdilər. İndi bu milli təəssübkeşlik hissinin yanından yel olub ötə bilməyən nanəciblərin, muzdlu “sülh qarğaları”nın son 27-28 ildə xalqımızın, dövlətimizin üzərinə böhtan yağdırdıqları, ermənilərlə eyni platformalarda yer alaraq işğala de-fakto haq qazandırmaları bəs deyilmiş kimi, hələ utanmadan öz hüquqi sərhədlərini bərpa edən Azərbaycanı beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda suçlayırlar. İmkanları olsa, cəsarətləri çatsa 30 illik işğala son qoyan Azərbaycan əsgərinə “işğalçı” da deyərlər. Halbuki, Azərbaycan SSRİ dövrünün inzibati xəritələri əsasında, yalnız və yalnız öz qanuni ərazilərində, həm də heç bir hüquq pozuntusuna yol vermədən hərəkət edir. Öz sərhədlərinin toxunulmazlığını, vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində Azərbaycan Konstitusiyasının tələblərinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qanuni addımlar atır.

...Qurban olsunlar Azərbaycan xalqının tolerantlığına, dövlətimizin humanizminə...

...Bu arada, bir məqama toxunmağı da vacib hesab edirəm: Son günlər, bir neçə müddət öncə gündəmdən düşən başqa bir mövzu da eyni vaxtda və eyni şəxslər tərəfindən yenidən “xortladılıb”. Aydındır ki, düyməyə vahid mərkəz(lər)dən basılıb. Azərbaycan Ordusunun Zəfərindən bu yana özlərinə gələ bilməyən, xalqımızın sarsılmaz birliyindən narahatlıq keçirən, “Qarabağ məsələsi” üzərindən bütün iftiraları dəyərsizləşən bəzi partiya “lider”ləri, “ictimai fəallar”, “hüquq müdafiəçiləri” ictimai rəyin parçalanmasına, vətənpərvərlik ruhunun sarsıdılmasına xidmət edən, klassik erməni təbliğatının elementi olduğu şübhə doğurmayan bir iddia atıblar ortalığa və onların qənaətinə görə, “şəhid olanlar yalnız kasıb ailələrin övladlarıdır”. Əslində, tezisin haralardan gəldiyi, qənaətimə görə, baş verənləri diqqətlə izləyən hər kəsə yaxşı bəllidir. İnsanların hisslərinə toxunmaqla, onları dövlətdən küsdürmək, Azərbaycanın qələbəsini həzm edə bilməyən, ölkəmizdəki dayaqları ifşa olunan və sıradan çıxarılan saxta, riyakar, simasız ideoloji mərkəzlərin, ictimai rəyi zəhərləməklə cəmiyyəti hədəflərindən sapdırmağa çalışan təxribatçı dairələrin ənənəvi texnologiyasıdır. Bu texnologiyadan dəfələrlə istifadə olunub, amma Azərbaycan xalqının ayıq-sayıqlığı, tükü tükdən seçmək bacarığı nəticəsində iflasa uğrayıb. Bu dəfə də artıq iflasa uğradığına şübhə etmirəm.

Güllə, mərmi “kasıb”a, “varlı”ya baxmır. Azərbaycan dövlətinə və xalqına düşmən kəsilənlərin bir hədəfi var – müstəqil, bütöv Azərbaycan Respublikası, onun vətəndaşları - əsgəri, zabiti, uşağı, qadını, gənci, cavanı, orta yaşlısı, ahılı... Aramıza nifaq salanlardan fərqli olaraq düşmən hədəfə aldığı insanlar arasında fərq qoymur. İkinci Qarabağ müharibəsində Gəncəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə atılan raketlər hədəfdə olanlar arasında seçim etməmişdi... Döyüş əməliyyatları zamanı da, həmçinin... Döyüş meydanında da, rütbəsindən, ictimai statusundan asılı olmayaraq, heç kim Azərbaycanı bütövlüyü uğrunda canını fəda edərkən, sağlamlığını itirərkən kimin general, kimin polkovnik, yaxud kapitan, leytenant, gizir, əsgər, mülki həyatda bank müdiri, uğurlu iş adamı, müəllim olduğunun fərqinə varmamışdı... Yaralı əsgərini çiyinlərində daşıyan zabit, yaxud ölümlə qolboyun olan komandirini sürünərək atəş altından çıxaran əsgər, xilas etdiyi şəxsin atasının varidatı, hansı ailədən gəldiyi barədə düşünməmişdi... Onlar üçün Vətən vardı və ən böyük sərvətləri də Vətən məhəbbəti idi...

İndi övladlarını xarici ölkələrdə “gizlədən” bəzi radikal müxalifət liderləri də, müharibənin ən qızğın vaxtında ermənilərlə eyni müraciətə imza atan ikiüzlü “hüquq müdafiəçiləri” də məzarlarının daşı-torpağı da müəddəs olan şəhidlərimizi “varlı”ya, “kasıb”a bölürlər. Bütün bəhanələr tükənib artıq və indi də insanların hissləri ilə oynamağa başlayıblar. Bu yazıda birinci və ikinci Qarabağ savaşlarında doğmaları, əzizləri canlarını Vətənimizin bütövlüyü uğrunda fəda edən xeyli sayda, bəlli zümrənin iyrənc leksikonuna düşdüyü kimi ifadə etsəm, “varlı”, “imkanlı”, “tanınmış” adamın adını sadalaya bilərəm. Amma bu halda mənim də muzdlu “duyğu sümürücüləri”ndən, bölücülərdən, ixtilafçılardan fərqim olmayacaq.

Bizim ən böyük sərvətimiz - həyat səviyyəmizdən asılı olmayaraq - milli qürurumuz, Vətənimiz, Dövlətimiz, Bayrağımızdır.

Elçin Mirzəbəyli