• 11 Oktyabr 2024
logo
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir

Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakmiyyəti qarşısında qanunsuz aksiya keçirməyə cəhd etməsinin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir.
Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, qanunsuz aksiyalar keçirməklə radikal müxalifət xarici qüvvələrin təsir mexanizmini yaratmağa çalışır: “İndiki vaxtda mitinq nəyə lazımdır? Milli Məclisdə dövlət büdcəsi müzakirə olunur. Nə təklifin varsa, yaz göndər. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Belə bir vaxta gərəksiz yerə qanunsuz aksiya keçirmək, Bakı Şəhəri İcra Hakimiyyəti qarşısında ictimai asayişi pozmağın nəyə xidmət etdiyi bəllidir. Orada cəmi 30 nəfər yığışıb. Xalq da onları dəstəkləmir, bunların kimlərə xidmət etdiyini yaxşı bilir”.
S.Novruzov bildirib ki, radikal müxalifət bir-birini təkrar edir: “Çalışırlar göstərsinlər ki, guya bunlar böyük müxalifətdir. Qanuna, qanunun aliliyinə hörmət etmək əvəzinə bunların göstəriciləri qanunu pozmaq, polisə müqavimət göstərmək, ictimai-siyasi sabitliyi pozmağa cəhd etmək, digər vətəndaşların hüquqlarını pozmaq və s. bu kimi əməllər törətməkdir. Yəni hər hansı bir təklif vermək, alternativ layihələrlə çıxış etmək əvəzinə bu cür əməllər törədirlər, öz fəaliyyətlərini qeyri-qanuni əməllər ilə ölçürlər.
Mən xatırlayıram, vaxtilə AXCP-Müsavat cütlüyü hakimiyyətdə olanda həmin vaxt belə qayda var idi ki, kim daha çox meydanda qışqırıbsa, icra başçısı o, olmalıdır. Yəni bunlar təcrübəyə, savada, təhsilə, biliyə və digər məsələlərə əsaslanmırdı, bunların ki ancaq qışqırmaq idi. 30 il keçməsinə baxmayaraq hələ də dəyişməyiblər. Düşüncə tərzləri belədir ki, mən nə qədər qanunu pozuramsa, nə qədər söyüş söyürəmsə, ictimai asayişi pozuramsa, vətəndaşlara qarşı nə qədər hörmətsizlik edirəmsə, deməli mən bir o qədər daha çox müxalifət hesab olunuram. Halbuki, seçkilərdə iştirak etmək, namizədlərin sayı ilə ortaya çıxmaq müxakifət üçün tamamilə kənarda qalıb. Çünki onların sosial bazası, elektoratı yoxdur.
Əhalinin gur olduğu yerlərdə qanunsuz aksiya keçirməyə cəhd göstərirlər ki, oradakı insanları da öz elektoratı kimi təqdim etsinlər”.