• 30 Noyabr 2021
logo
Şəhidlər Zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır

Şəhidlər Zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır

Xətai rayonunda şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin açılış mərasimi oldu

Oktyabrın 28-də Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Xeyrulla Mais oğlu İbrahimovun və Birinci Qarabağ müharibəsinin şəhidi Faiq Ağakişi oğlu Sadıqovun xatirəsinə Xətai rayonunun Cavanşir küçəsi 15 ünvanında ucaldılan abidə kompleksinin açılış mərasimi keçirildi.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidlərin ailələrinə başsağlığı verərək onlara Allahdan səbir dilədi. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir: “Şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Bu qəhrəmanların timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, gücünü əyani şəkildə gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhidlər təkcə valideynlərinin deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söylədi ki, bu gün qəhrəmanlar yetişdirən bir ünvandayıq: “Burada qəhrəmanların xatirəsinə həsr olunan abidə kompleksinin açılış mərasiminə toplaşmışıq. Bu qəhrəmanlar Azərbaycan tarixində, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqlar. Azərbaycan Ordusu 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının sıx birliyi, ordumuzun şücaəti sayəsində böyük qəhrəmanlıq tarixi yazıldı. Bu günlərdə hər birimiz tarixi anlar yaşayır, şanlı Qələbəmizdən doğan qürur hissi keçiririk. Təxminən bir il əvvəl Azərbaycanın otuz il ərzində işğal altında olan torpaqlarını azad etmək, müqəddəs arzumuza çatmaq üçün igid Vətən oğullarımız öz canlarını fəda etdilər, öz qanları ilə torpaqlarımızı azadlığına qovuşdurdular. Onlar bizim qəhrəmanlarımızdır, başımızın tacıdır. Onların valideynləri də qəhrəmandırlar. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Eyni zamanda, onların valideynlərinin və ölümün bir addımlığında olmuş qazilərimizin qarşısında baş əyirəm.”

V.Rəhimzadə vurğuladı ki, şəhidlərimiz və qazilərimiz həqiqətən də Azərbaycan xalqının qürurlu, şücaətli xalq olduğunu öz döyüş yolları, əməlləri ilə təsdiq etdilər: “Həmçinin Azərbaycan xalqının öz Vətəninə, dövlətinə, torpağına sadiqliyini təsdiq etdilər. Beləliklə, Azərbaycan çox möhtəşəm bir tarix yazdı. Bu möhtəşəm tarix Azərbaycanda əsrlər boyu yad olunacaq, yaşayacaq. Bu abidə kompleksi burada yaşayan və buradan keçən hər bir insanın qəlbində bu qəhrəmanlarımızın Vətənə, dövlətə bağlılığının bir nümunəsi kimi minnətdarlıq duyğuları yaradacaq, gənclərimizin vətənpərvər ruhda yetişməsində önəmli rol oynayacaq.”

V.Rəhimzadə qeyd etdi ki, Azərbaycanın bütün rayon və şəhərlərində belə abidə komplekslərinin yaradılması prosesi həyata keçirilir: “Mən bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların valideynləri qürur və şərəf hissi keçirə bilərlər ki, belə qəhrəman övladlar böyüdüblər. Doğrudan da Vətənini, xalqını sevməkdən və onun uğrunda canını fəda etməkdən qürurlu heç nə ola bilməz. Bütün qəhrəmanlarımızın həyatı hər birimiz üçün örnəkdir, bir dastandır. Bu dastanı hər birimiz zaman keçdikcə daha da dərindən öyrənəcəyik. Onlar bizim həyatımızda müstəsna qəhrəmanlıq tarixini yazan igidlər kimi qalacaqlar.”

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirdi ki, şəhidlərimiz həyatlarını gələcək nəsillərin azad, demokratik bir ölkədə şad, xürrəm yaşamaları yolunda qurban veriblər: “Ona görə də bir xalq olaraq şəhidlərimizə borcluyuq. Şəhidlərimizi hər zaman anmalıyıq. Dövlət başçıları, siyasətçilər çalışırlar ki, müharibə olmasın. Lakin bəzən müharibədən yayınmaq olmur. Azərbaycanın Vətən müharibəsi həm torpaqlarımız uğrunda vuruşmaq, həm də şərəf, qürur deməkdir. Bizim şəhidlərimiz öz həyatlarını qurban verərək millətimizin şərəfini, qürurunu özünə qaytardılar.”

Q.Həsənquliyev vurğuladı ki, bu gün şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunublar: “Dövlətimizin imkanları artdıqca onlara, onların uşaqlarına, gələcək nəsillərinə daha yüksək səviyyədə diqqət və qayğı göstəriləcək. Bu mərasim həm də bir vətənpərvərlik tədbiridir. Dövlətimizi gələcək nəsillərə ötürəcəyik. Onlar da bu dövləti bizdən sonra göz bəbəkləri kimi qoruyub saxlamalıdırlar. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Mən onların valideynlərinə səbir diləyirəm, başınızı dik tutun deyirəm. Allah şəhidlik zirvəsini, bu şərəfi hər kəsə qismət etməyib. Mən əminəm ki, şəhidlərimiz allahın dərgahındadırlar, cənnətdədirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev çıxışında söylədi ki, bu gün torpaqlarımızın azadlığı uğrunda tarix yazan, qisas hissi ilə döyüşə qatılan qardaşlarımızın xatirəsinə ucaldılan abidə kompleksinin açılışına toplaşmışıq: “Mənim üçün çox çətindir. Ona görə ki, şəhid analarına baxdıqca ağır hisslər keçirirəm. Amma məhz sizin böyütdüyünüz, tərbiyə etdiyiniz övladların sayəsində, onların igidliyi nəticəsində Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq. Vətən müharibəsində şəhidlərimizin qanı yerdə qalmadı. Digər döyüşçü yoldaşlarımız onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Xeyrulla qardaşımız da ilk gündən bizimlə bir yerdə çiyin-çiyinə döyüşüb. Onun göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi bizi Qələbəyə daha da yaxınlaşdırdı. Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm”.

Çıxış edən Xalq artisti Əli Nur ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan geniş danışdı, Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açdı. O, həmçinin Vətənə həsr olunan şeirlər səsləndirdi.

Tədbirdə şəhid Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova, oğlu Anar İbrahimli, şəhid Faiq Sadıqovun Firuzə Sadıqova çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirdilər. Şəhidlərin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzüldü.

Mərasimin sonunda şəhidlərin abidə kompleksinin ətrafına çinar ağacları əkildi.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Xeyrulla İbrahimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cavid Əkbərov,

Vüsal Cahanov (foto),