• 19 Aprel 2024
logo
“Ərdoğanın Füzuliyə səfəri dünyaya göstərir ki...”

“Ərdoğanın Füzuliyə səfəri dünyaya göstərir ki...”

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı Qarabağın çiçəklənməsi üçün lazım olan investisiyaların cəlb edilməsinə kömək edə bilər.
Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, Füzuli beynəlxalq hava limanı Azərbaycanın bu ərazilərinə iş adamlarının, investorların cəlb edilməsinə kömək edə bilər:
"Ümidvaram ki, bu Xəzər dənizindən Qara və Aralıq dənizlərinə qədər uzanacaq mütəşəkkil sənaye zonalarına sərmayə yatırma prosesini asanlaşdıracaq. Füzuli hava limanı xəritədə strateji mövqedə yerləşir və hesab edirəm ki, bu infrastrukturdan praqmatik olaraq regionda rifahın bərpası və uzunmüddətli sabitliyin bərqərar olması üçün zəruri olan investisiyaların cəlb edilməsi istiqamətində istifadə oluna bilər".
Metyu Brayza qeyd edib ki, Ərdoğanın Azərbaycanın Füzuli rayonuna səfəri simvolik, strateji və praktik xarakter daşıyır:
"Azərbaycanın ən yaxın müttəfiq ölkənin liderinin Füzuliyə səfəri Azərbaycanın ötənilki 44 günlük müharibədə qazandığı qüdrətli qələbəni vurğulayır ki, bu da Azərbaycan tarixində ən böyük hərbi və diplomatik qələbədir. Prezident Ərdoğanın Füzuliyə səfəri bütün dünyaya göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün Cənubi Qafqaz regionunun reinteqrasiyasına kömək etmək üçün indi Füzulidə nəqliyyat qovşağı yaratmağa hazırdır".
O, əlavə edib ki, Ərdoğanın səfəri Türkiyə ilə Azərbaycan arasında strateji baxımdan sıx münasibətləri nümayiş etdirir.
“Azərbaycanla Türkiyə arasında münasibətlər, əlbəttə ki, onilliklər ərzində çox yaxındır”, - deyən Brayza məşhur “Bir millət, iki dövlət” devizini xatırladıb.