• 4 Dekabr 2021
logo
Savaşın 29-cu günü: Qubadlı zəfəri

Savaşın 29-cu günü: Qubadlı zəfəri

Qubadlı əməliyyatı 44 günlük Vətən Müharibəsinin şanlı səhifəsini təşkil edir.
Silahlı Qüvvələrimiz uğurlu hərbi əməliyyatlarını davam və inkişaf etdirərək, 2020-ci ili sentyabrın 27-də başlanan tarixi əks-hücumun 27-ci günü (23 oktyabrda) Qubadlı ərazisinə daxil olaraq, rayon ərazisini Ermənistan silahlı qüvvələrindən təmizləməyə başladı. 23 oktyabrda Qubadlının Zilanlı, Kürdmahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğalçı tapdağından azad edildi.
Vətən Müharibəsinin 29-cu günü (25 oktyabrda) isə Müzəffər Silahlı Qüvvələrimiz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğalçılardan təmizlədi. Şəhərin azad edildiyini Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev özünün Tvitter hesabından elan etdi. O həyəcanlı günləri yaxşı xatırlayırıq. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, xalqa müraciətlər ən yeni dövr tariximizin unudulmaz altun səhifələridir!
Qubadlı rayonunun tam azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zatən Zəngilan şəhəri (20 oktyabrda) azad edildikdən sonra sıranın Qubadlıda olduğu aydın idi. Lakin o da aydın idi ki, Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərində güclü istehkamlar qurub, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirib. Belə bir gerçəklik qarşısında Qubadlı əməliyyatı hərbçilərimizdən ilk sırada fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi. Azərbaycanın Silahlı Qüvvələrinin bütün mənsubları bu fədakarlığı, peşəkarlığı yüksək səviyyədə nümayiş etdirdi. Və nəhayət oktyabrın 25-də şanlı Silahlı Qüvvələrimiz Qubadlı şəhərini düşməndən təmizləyib, bu barədə Ali Baş Komandana raport verdi!
44 günlük müharibə başa çatdıqdan sonra cənab Prezident bir sıra mühüm dövlət təltifləri barədə Sərəncam imzaladı. Prezidentin təşəbbüsü ilə təsis olunmuş (26.11.2020) yeni dövlət təltiflərindən biri də “Qubadlının azad olunmasına görə” medalıdır. “Qubadlının azad olunmasına görə” medalı Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımıza Azərbaycan Prezidentinin Sərəncamı ilə verilir.
Bu mübarək medalla Silahlı Qüvvələrimizin 15.189 hərbi qulluqçusu təltif olunub.
Haşiyə:
Qubadlı ərazisində bir çox qala, türbə, körpü və digər maddi mədəniyyət nümunələri, abidələr olub. Onların bir çoxu işğal illərində dağıdılıb, zərər görüb, yaxud erməniləşdirilməsinə, özgələşdirilməsinə cəhd olunub. Erməni vandalizmi Qubadlıdan da yan keçməyib.
Qubadlı ərazisində tarixə yoldaşlıq etmiş, qoruq, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcud olub. Əliquluuşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində "Qalalı" qalası, Xocamisaxlı kəndində Qala və b. rayon işğal olunana qədər dururdu. Xocamisaxlı kəndinin qədim adı Qalacıq olub.
Qubadlı ərazisində tarixin müxtəlif dövrlərində tikilmiş türbələr öz gözəlliyi ilə seçilib. Balahəsənli kəndindəki "Cicimli" ocağı, Dəmirçilər kəndindəki türbə, Gürcülü kəndindəki “İmamzadə”, Yazıdüzündəki Cavanşir türbəsi və b. buna misaldır.
Ərazisindən iki bol sulu çay axan Qubadlıda çaylar üzərindən körpülərin salınması zamanın tələbi, təbiətin “sifariş”i olub. Rayon ərazisində üç qədim körpü olub. Körpülərdən ən qədiminin Qarakişilər kəndindəki “Sınıq körpü” olduğu bilinir. Digər iki körpü – Azərbaycan Mədəniyyət Nazirliyi tərəfındən qeydə alınmış Laləzar və Hacı Bədəl körpüsü bir qədər sonrakı dönəmə aiddir: maraqlı arxitekturası olan Laləzar (1867) və Hacı Bədəl körpüləri XIX əsrdə tikilib. Hər iki körpü rayon işğal olunana qədər öz funksiyasını gərəyincə yerinə yetirirdi.
“İşğal olunanadək” deyirik, çünki erməni işğalçılarının ayağı hara dəyibsə, orada mədəniyyət, insanlıq qeybə çəkilib... Körpü mədəniyyət deməkdi, körpü xeyirxahlıq deməkdi – ermənilərçünsə bunlar yad anlayışlar olub...
Qubadlının işğaldan azad edilməsi tarixi hadisəydi. Qubadlı şəhərinin azad edilməsinin Zəfərimizi daha da yaxınlaşdırdığı öz təsdiqini tapmış hadisədir.
Bəli, Qubadlı azad olunub, bu mübarək gündən bir il ötür ancaq Qubadlının işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərəri bərpa etmək çox vaxt alacaq; bir sıra itkilərin yerini doldurmaqsa, sadəcə mümkünsüzdür...
Ermənistan işğalı Qubadlının 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Ermənistan Qubadlı rayonunun Xanlıq qəsəbəsində qanunsuz məskunlaşma aparmışdı. Livandan və digər xarici ölkələrdən gətirilən haylar burada qanunsuz yollarla yerləşdirilmişdi. Bu özü bir müharibə cinayətdir. Hər kəs bilir ki, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma aparmaq cinayətdir – işğalın nəticələrindən sui-istifadə halıdır.
Maddi ziyanlar bir şəkildə aradan qaldırılacaq, əlbəttə. Bəs 27 illik işğalın mənəvi ziyanlarını tezliklə aradan qaldırmaq necə mümkün olacaqmı? İşğalçı ölkə bununçün nə kimi öhdəliklər götürür, necə etiraflarda bulunur? Hələ ki, etiraf və öhdəlik yerinə revanşizt çağırışlar daha çox eşidilir ki, bunun da ilk növbədə (adı üstündə “uğursuz dövlət” olan) Ermənistana ziyanı olacaq. Azər¬baycan Dəmir Yumruğu yerindədir! – Gərək Ermənistanda bunu unutmasınlar.
Dövlətimiz var olsun!