• 19 Mart 2024
logo
Sahibə Qafarova Avstriya Parlamenti Milli Şurasının sədri ilə görüşüb

Sahibə Qafarova Avstriya Parlamenti Milli Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Avstriya Respublikası Parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanla Avstriya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu diqqətə çatdırıb.
Spiker qeyd edib ki, münaqişə artıq tarixə qovuşub, hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır.
Avstriya Parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka iki ölkə arasında parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, Azərbaycanın regiondakı iri beynəlxalq enerji və infrastruktur layihələrin həyata keçirilməsindəki aparıcı rolu, ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı qismində çıxış etməsi barədə danışıb. Diqqətə çatdırıb ki, ticarət əlaqələrinin və investisiya yatırımlarının artırılması üçün hər iki tərəfdə böyük potensial var.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.