• 21 Noyabr 2019
logo
add image
Deputat: Müxalifət siyasi mühacir statusu almaq üçün xaricə gedənlərə arayış verməkdən başqa bir iş görmür

Deputat: Müxalifət siyasi mühacir statusu almaq üçün xaricə gedənlərə arayış verməkdən başqa bir iş görmür

Azərbaycan iqtidarı qanunlara əsaslanır, müxalifət üzvlərinə piket keçirməyə yer verməkdən imtina etmir, amma bununla yanaşı, ölkədə digər vətəndaşların da hüquqları qorunur.
Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Müsavat Partiyasının noyabrın 10-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında qanunsuz piket keçirmək istəyinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, müxalifətin sosial bazasının yoxluğu, xalqa xeyir verən, dövlətin inkişafına xidmət edən yeni təkliflər verə bilməməsi onları susadıb.
B.Sadıqov qeyd edib ki, əslində, müxalifət öz daxilində müəyyən iclaslar keçirməkdən, arada da siyasi mühacir statusu almaq üçün xaricə gedənlərə arayış verməkdən başqa bir iş görmür: "Müxalifət öz varlığını göstərmək üçün bəzən piket keçirmək üçün yer istəyir. Azərbaycanın qanunvericliyində hansı ərazilərdə kütləvi toplaşmağın mümkün olmadığı aydın şəkildə yazılıb. Dövlət, strateji obyektlərin qarşısında, insanların çox toplaşdığı ərazilərdə piket keçirmək qanunla qadağan edilir. Əgər müxalifət üzvləri söz demək istəyirlərsə, onların tərəfdarları varsa, BŞİH-in piket keçirmək üçün təklif etdiyi əraziyə - Lökbatana gedə bilərlər. Onları Bakıdan rayona göndərmirlər ki! Müxalifət üçün yolun uzaq olması bir bəhanədir".
Milli Məclisin üzvü əlavə edib ki, müxalifət buna imkan verilməyəcəyini bilə-bilə piket keçirmək üçün qanunla qadağan edilmiş yerləri tələb edir: "Təkcə onların hüquqları yoxdur, vətəndaşların da hüquqları var, onlar da işə normal gedib-gəlməlidirlər. Bundan başqa, strateji obyekt ətrafında təhlükəli vəziyyət yaratmaq olmaz. İndi onlar cığallıq etmək üçün bir bəhanə axtarırlar, o bəhanəni də özləri yaradırlar. Bunlar cığallığı ona görə edirlər ki, BŞİH-in binası qarşısına 5-10 adamla çıxıb orada bir şuluq salsınlar, bunun səsi-sorağı kənara çıxsın və lazımi təşkilatlardan qrant qoparsınlar. Onlar çox gözəl bilirlər ki, metro ətrafında tədbirləri baş tutmayacaq. Sadəcə, hərdən orada-burada narazılıq yaradır, özlərini də guya narazı qalmış kimi göstəririlər, sonra da ora-bura məktub yazıb qrant istəyirlər ki, Azərbaycanda kütləvi toplaşmaq azadlığı pozulur”.
Xatırladaq ki, Musavat partiyası noyabrın 10-da Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, “Dərnəgül” metro stansiyasının çıxışında olan meydan, yaxud “Məhsul” stadionunda aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH isə partiyanın bu istəyini qəbul etməyərək aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.
Müsavat Partiyasının rəhbərliyi buna etiraz edərək noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcəyini açıqlayıb.