• 26 Aprel 2024
logo
“Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təkcə tarixi ədaləti bərpa etməyib”

“Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təkcə tarixi ədaləti bərpa etməyib”

Tural İsmayılov: “Ali Baş Komandan İlham Əliyevin yeni siyasi idarəetmə modeli də Qarabağda icra edilir”

“Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təkcə tarixi ədaləti bərpa etməyib, eyni zamanda Ali Baş Komandan İlham Əliyevin yeni siyasi idarəetmə modeli də Qarabağda icra edilir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib. O, bildirib ki, Prezidentin xüsusi nümayəndəliyi institutu ilk dəfə Şuşada, daha sonra Ağdamda tətbiq edilməyə başlandı: “Hazırda istər regional idarəetmədə bir sıra yeniliklər, istərsə də ekoturizm, aqrar sahə, infrstruktur və məskunlaşma sahəsində də Qarabağda bir çox yeniliklər tətbiq olunur. İşğaldan azad olunan ərazilərdəki “ağıllı kənd” konsepsiyası yalnız ölkəmiz üçün deyil, bizim regionumuz üçün bütövlükdə daha əvvəl təkrarı olmayan, bənzərsiz yeniliklərdəndir.
1996-cı ildə qəbul edilmiş qərarla Azərbaycanda əkin təyinatlı kənd təsərrüfatı torpaqların əvəzsiz olaraq kənd yerlərində yaşayan əhalinin şəxsi mülkiyyətinə verilməsi ilə nəticələnən torpaq islahatları işğal səbəbindən Qarabağdan yan keçmişdi. Azad olunmuş ərazilərdə torpaq islahatının aparılması və aqrar sahədə özəl sektorun fəaliyyətinə əsaslanan təsərrüfatçılıq fəaliyyətinin qurulması Qarabağdakı təsərrüfat sahələri üçün də əsas prinsiplərdən biri olacaq”.
Onun sözlərinə görə, Qarabağda kənd təsərrüfatının bərpasından sonra 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə ediləcəyi proqnozlaşdırılır ki, bunun da təqribən 9 min hektarı həyətyanı sahələrdir: “İKT baxımından Qarabağda geniş planlar həyata keçiriləcək. Regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin 8%-dən çox artacağı güman edilir. Nəzərə almaq lazımdır ki, təkcə Qarabağa qayıdan keçmiş məcburi köçkünlərimiz deyil, digər rayonlarımızın sakinləri də Qarabağdakı imkanlardan yararlanmaq istəyəcək və Qarabağda maksimal iqtisadi aktivlik təmin ediləcək.
Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik.Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, onun nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb. Mərkəzdə müxtəlif istqamətli 17 işçi qrupu fəaliyyət göstərir. Qarabağda infrastrukturun bərpasında Əlaqələndirmə Qərargahının müstəsna əhəmiyyəti var”.
Ekspert əlavə edib ki, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq.
Qarabağda qiymətli əlvan metallar – qızıl, mis və digər əlvan metallar yataqları mövcuddur. Azərbaycanın yeraltı metal və əlvan metal yataqlarının işlənməsi ilə bağlı təcrübəsi var.
Həmin ərazidə sənayenin inkişaf etdirilməsi ilə bağlı, resursların əldə olunması sənayenin Qarabağ modelini formalaşdıracaq. Azərbaycan son ilər ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı mühüm təcrübə əldə edib. Bu, həm sənaye parklarıdır, həm aqroparklardır, həm kənd təsərrüfatında və sənayedə innovasiyaların tətbiqidir.
Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında müasir texnologiyaların tətbiqi yolu ilə emal və sənaye müəssisələri yaradılacaq.Qarabağın sənaye potensialı həm yerli biznesmenlərin, həm də xarici iş adamlarının bölgəyə marağını artıracaq.
Qarabağda turizmin çox növləri – eko, dağ, qış, ov, sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var.Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq.
Qarabağın işğaldan azad olunmağı ilə gələcək nəsillər daha yüksək yaşam standartları ilə əhatə olunacaq. Azərbaycanın şanlı qələbəsi dövlətimizin gələcəyi üçün əsrlər boyu danışılacaq imkanlar yaradıb”.

Əli Zülfüqaroğlu