• 26 Aprel 2024
logo
Ceyhun Bayramov: “Azərbaycan və Xorvatiya münasibətlərin inkişafına önəm verir”

Ceyhun Bayramov: “Azərbaycan və Xorvatiya münasibətlərin inkişafına önəm verir”

Azərbaycan və Xorvatiya XİN rəhbərlərinin görüşündə ikitərəfli münasibətlər, çoxtərəfli əsasda beynəlxalq əməkdaşlıq və regional məsələlər müzakirə olunub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər iki tərəf münasibətlərin inkişafına önəm verir və ölkələr arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr keçirilir.
Nazir vurğulayıb ki, parlamentlərarası münasibətlərin inkişafı vacibdir.
“Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirdik. Hazırda Xorvatiya nümayəndə heyətinin tərkibində çox sayda iş adamı var, Bakıda Biznes Forum keçirilir. İki ölkə arasında ticarət sahəsində geniş əməkdaşlıq üçün böyük potensial var. Eyni zamanda, alternativ enerji, turizm sahəsində də böyük potensial mövcuddur. Qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə Xorvatiya şirkətlərinin iştirakını da müzakirə etdik. Xorvatiya tərəfi öz təkliflərini Azərbaycana təqdim edib. Bundan başqa, beynəlxalq təşkilatlar daxilində əməkdaşlığımız var. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq sazişini müzakirə etdik. Azərbaycanın Aİ üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi xüsusilə diqqət mərkəzində olub”, - XİN rəhbəri vurğulayıb.