• 30 Noyabr 2021
logo
Səfir: “Yunanıstan Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir”

Səfir: “Yunanıstan Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir”

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə mövcud olan münasibətlər haqqında fikirlərini bildirib. O, əlaqələrin inkişafında qanunverici orqanların rolundan danışaraq, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.
Görüşdə Sahibə Qafarova səfirə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yeni yaranmış şərait haqqında geniş məlumat verib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini və ölkəmiz üçün yeni mərhələnin başlandığını bildirən Milli Məclisin sədri qeyd edib ki, hazırda Azərbaycan Ermənistanın işğalı dövründə tamamilə dağıdılmış Vətən müharibəsində işğaldan azad edilmiş bütün ərazilərimizi bərpa edir, yenidən qurur.
Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos Azərbaycanın müstəqillyinin bərpasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və parlamentlərin bu prosesdə iştirakının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.