• 30 Noyabr 2021
logo
Azərbaycan və Slovakiya XİN rəhbərlərinin görüşü keçirilib

Azərbaycan və Slovakiya XİN rəhbərlərinin görüşü keçirilib - FOTO - YENİLƏNİB-1 

19 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycana rəsmi səfəri çərçivəsində Slovakiya Respublikasının xarici işlər naziri İvan Korçok ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər arasında təkbətək başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndirərək, ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox sahələrdə inkişafı potensialı vurğulanıb. Hər iki ölkənin münasibətlərinin əsasında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinin dayandığı bir daha vurğulanıb.
Nazir Ceyhun Bayramov ikitərəfli iqtisadi münasibətlərin inkişafının əhəmiyyətini və bu sahədə mövcud olan potensialı qeyd edərək, cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığa dair Sazişin imzalanmasının, habelə Biznes Forumunun keçirilməsinin iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verəcəyinə inamını ifadə edib.
Nazir İvan Korçok səmimi qəbula görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşə və aparılan müzakirələrə məmnunluqla istinad edib. Ərazi bütövlüyünə hörmət prinsipinin Slovakiya üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına təkan verdiyini söyləyən nazir, bu xüsusda Azərbaycan Milli Məclisinin spikerinin Slovakiyaya baş tutan səfərini qeyd edib. Nazir Korçok iqtisadi münasibətlərin inkişafı potensialını vurğulayıb və bu istiqamətdə birgə səylərin və konkret tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini bildirib. O, ölkəsinin Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq prosesində iştirakı marağını ifadə edib.
Nazir Ceyhun Bayramov slovakiyalı həmkarına bölgədə mövcud olan son vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. Slovakiyadan sifarişimiz əsasında alınacaq mina təmizləmə maşınlarının ilk hissəsinin yaxın zamanda Azərbaycana gətiriləcəyi qeyd olunub. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi və mina təhlükəsinin insanların həyatına birbaşa təhdid doğurmaqda davam etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Dost və tərəfdaş ölkələrin iştirakı ilə mina təmizləməsi işlərinin sürətlə davam etdirildiyi Slovakiya XİN rəhbərinin diqqətinə çatdırılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
saat 12:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok arasında geniş tərkibli görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
***
saat 11:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok arasında təkbətək görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.