• 17 Oktyabr 2021
logo
Rəfail Becanov: “İran yaxşı bilir ki, gec-tez parçalanacaq”

Rəfail Becanov: “İran yaxşı bilir ki, gec-tez parçalanacaq”

“İran Azərbaycana qarşı sərgilədiyi bu münasibətlə özünün indiki ərazi bütövlüyünü şübhə altına alır. Ona görə ki, islam pərdəsinə bürünmüş bu rejimin hərəkətləri gec-tez orada yaşayan azərbaycanlıları ayaqlandıracaq”.
Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.
O bildirib ki, sionist rejimindən danışıb, İsrail Azərbaycanda hərbi obyektlər yaradıb deyə nalə çəkmək, yalan və iftiranı bu şəkildə tirajlamaqla İran rəsmiləri “slind” orada yaşayan soydaşlarımızın dini hisslərindən faydalanmaq və daxili sakitliyi qorumağa cəhd edirlər:
"Çünki İran rəsmiləri yaxşı bilir ki, İsrailin Azərbaycanda heç bir hərbi iştirakı yoxdur. Buna baxmayaraq, islam rejiminin rəsmiləri dil qəfəsə qoymadan bağırılar. Harada əllərinə imkan düşürsə, mikrofon görürlərsə, Azərbaycanı təhdid edir, ərazi bütövlüyümüzə şübhə ilə yanaşmaqda davam edirlər.
İranın Azərbaycana olan mövqeyini təbii ki, biz də, bütün dünya da öncədən bilirdi. Amma İran tərəfi bunu əvvəllər ustalıqla gizlədir, bəzən də içimizdəkilərin beynini bu ustalıqla “yuyurdu”. İndi sanki "bıçaq sümüyə dirənib". Əsəb sistemləri dözmür, ruh halları pozulub. Böyükdən-kiçiyə hamısı eyni psixoloji sarsıntıya məruz qalıblar. Ona görə illərlə ustalıqla gizlətdiklərini və boğzalarında ilişib qalan lafları dil altından çıxarırlar. Liderindən generalına qədər...
Bugünlərdə İran polisinin rəis müavini, general Sərdar Kasem Rezai də İran-Azərbaycan sərhədindəki (əslində Azərbaycan-Azərbaycan sərhəddindəki) yaranmış vəziyyəti şərh edib və səlahiyyətinə aid olmayan bir məsələdən danışıb.
O, bəyan edib ki, İran Azərbaycanın işğal olunmuş ərazilərinin yalnız bəzilərinin azad edilməsindən məmnun ola bilər. Bu, növbəti yanlışlıq və riyakarlıqdır.
2020-ci ilin noyabrından bizim ərazi bütünlüyü ilə bağlı sorunumuz yoxdur. Təbii ki, sətiraltı olaraq İran generalı müəyyən hissəni, daha dəqiqi Rusiya sülhmərmalılarının məsuliyyət zonasında olan əraziləri nəzərdə tutur. Amma yenə də yanılır və yalan danışır. Həmin ərazilərdə yaşayan ermənilərin adaptasiyası üçün zaman lazımdır. Rus sülhməramlıları da məhz bu səbədən oradadır".
Baş redaktor bildirib ki, ermənilər ya Azərbaycan vətəndaşı kimi adaptasiya olub Azərbaycan ərazilərində bizim qanunlarla yaşayacaqlar, ya da tərk edib o əraziləri gedəcəklər:
"Amma İranın öz ərazi bütövlüyü pozulacaq. Bunun zaman ehtiyacı var... İran yaxşı bilir ki, gec-tez parçalanacaq və indiki ərazi bütövlüyü heç zaman olmayacaq".