• 11 Oktyabr 2024
logo
Azər Qasımlı "Real" partiyasından istefa verdi - Partiyadakı avtoritarlığa görə

Azər Qasımlı "Real" partiyasından istefa verdi - Partiyadakı avtoritarlığa görə

"Real" partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.
Bu barədə A.Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, o, partiyanın sədri İlqar Məmmədovun etdiyi yeni təkliflərə görə istefa verib:
"Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.
İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək, partiyanı Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Məclisin olmaması isə o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur".
A.Qasımlı əlavə edib ki, nizamnamədə dəyişikliklər olacaqsa, bu, qurultayda olmalıdır: "İlqar Məmmədov öz yeni layihəsində bununla bağlı bir söz deməsə də, şəxsi fikrim belədir ki, belə bir əcaib və avtoritar layihə təklif edən şəxs irəlidə məhz nizamnamənin də dəyişə biləcəyini təklif edəcək".