• 26 Oktyabr 2021
logo
Ermənistanın yeganə çıxış yolu

Ermənistanın yeganə çıxış yolu

Azərbaycan Prezidentinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırması rəsmi Bakının İrəvana verdiyi son şansdır və 44 günlük Vətən müharibəsindən öncə İlham Əliyev tərəfindən işğala son qoyulması ilə bağlı səsləndirilən çağırışların zamanında dəyərləndirilməməsinin nəticələri ortalıqdadır.
Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranmaq, məsuliyyətli olmaq, revanşçı davranışlara son qoymaq Ermənistanın yeganə çıxış yoludur. Çünki bütün bunlara əməl edilmədən sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, Ermənistanın regionda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakı mümkün deyil.
Sülh müqaviləsinin imzalanmaması müharibənin başa çatmaması anlamına gəlir. Bu isə o deməkdir ki, Ermənistan tərəfinin istənilən təxribatı bu ölkə üçün daha böyük faciələrə səbəb ola bilər. Ermənistan iqtisadiyyatı hələ uzun illər boyu ölkənin hərbi potensialını Azərbaycanla qarşı-qarşıya qoymaq gücündə olmayacaq. Ermənistanın iqtisadi problemlərinin həlli isə yenə də sülh müqaviləsindən, əsassız iddialara son qoyulmasından keçir. Mahiyyət etibarilə bütün bunlar bir-birilə zəncirvari şəkildə bağlı olan məqamlardır və birini gerçəkləşdirmədən digərinin həyata keçirilməsi istisna olunur.
Ermənistan Maliyyə naziri Tiqran Xaçatryanın açıqladığı son məlumatlara görə, ölkənin dövlət borcu hazırda ümumdaxili məhsulun 63,5%-ni təşkil edir. Bunun 77%-i ölkənin xarici borclarının payına düşür. Tiqran Xaçatryan hesab edir ki, əgər Ermənistan iqtisadiyyatında fəallıq qeydə alınarsa, o zaman yaxın 5 il ərzində dövlət borcunu 60%-ə endirmək mümkün olacaq. Yəni Ermənistan hətta kommunikasiyar açıqlacağı təqdirdə belə dövlət borcunun cəmi 3,5%-nin qaytarılmasına 5 il vaxt sərf edəcək!
Ermənistan Maliyyə Nazirliyinin bir müddət öncə ictimailəşdirdiyi hesabatda isə qeyd olunurdu ki, hökumət Mərkəzi Bankın borcları istisna olunmaqla, 2005-ci ildə 1,4 milyard dollar civarında xarici borcun qaytarılması barədə öhdəlik götürüb. Yenə də eyni hesabatda bildirilirdi ki, 2021-ci ilin 8 ayı ərzində Ermənistanın xarici borcu, təxminən 1 milyard dollar artıb. Bu gedişlə, yəni Ermənistanın indiki qeyri-müəyyən siyasəti davam edəcəyi halda, 2025-ci ilədək bu ölkənin xarici borcu daha 6,5 milyard artacaq ki, bu da ÜDM-i bir xeyli üstələyəcək. Mövcud reallıqlar çərçivəsində Ermənistanın 2025-ci ildə 1,4 milyard dollarlıq borcunu qaytarması da qeyri-mümkündür.
Bir daha xatırladım ki, təqdim etdiyim göstəricilər, Ermənistan Maliyyə nazirliyinin rəsmi hesabatlarından götürülüb və erməni ekspertləri real vəziyyətin bundan daha acınacaqlı olduğunu bildirirlər.
Elçin Mirzəbəyli