• 30 Sentyabr 2022
logo
Prezident İlham Əliyev: “Tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq mina xəritələri təqdim etsin"

Prezident İlham Əliyev: “Tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq mina xəritələri təqdim etsin"

“Mən dəfələrlə beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı danışmışam. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir: “Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi”.
Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələrinə gəldikdə, Prezident İlham Əliyev qeyd edib ki, burada söhbət yüz minlərlə minadan gedir: “İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olub və ya ağır yaralanıb. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”.