• 10 İyul 2025
logo
Dövlət başçısının müsahibəsi: xəbərdarlıq və konkret mesajlar

Dövlət başçısının müsahibəsi: xəbərdarlıq və konkret mesajlar

Prezident İlham Əliyev Anadolu agentliyinə müsahibəsində bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı Azərbaycan-Rusiya, Azərbayca-Türkiyə ilə münasibətlərə toxundu, eyni zamanda İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı danışdı və xəbərdarlıq xarakterli mesajlar verdi.
Dövlət başçısının müsahibəsindəki mesajları ekspertlər “Xalq Cəbhəsi”nə şərh etdilər.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, dövlət başçısı cənab İlham Əliyev Anadolu agentliyinə verdiyi müsahibədə İranla bağlı son və konkret mesajlar verdi. Onun sözlərinə görə, Tehran bundan sonrakı siyasətində korrektlər etməsə, Azərbaycan ciddi addımlar atacaq: “İlk növbədə İranın hərbi təlimləri və Qarabağdakı kiçicik bir ərazidə ermənilərə lojistik müntəzəm dəstəyi Azərbaycana qarşı təzyiq aləti idi. İranın ilk növbədə təlimləri Zəngəzur dəhlizinin açılmamasına qarşıdır. Tehran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. Hərbi təlimləri ona görə keçirir. Ona görə də prezident İlham Əliyev sərt şəkildə İranın bu siyasətini açıq şəkildə tənqid etdi”.
Ekspert diqqətə çatdırdı ki, İran Zəngəzur dəhlizinin açılmasını özünə qarşı fəaliyyət kimi xarakterizə edir: “Ona görə də narahatdır. İran Türkiyə və Azərbaycan tandeminə qarşı hərhansı bir fəaliyyəti müsbət nəticə verməyəcək. Türkiyə ilə bağlı məsələyə gəldikdə isə, Türkiyə ilə əlaqələr yüksək səviyyədədir və ikitərəfli münasibətlərin inkişafı bundan sonra da davam edəcək. Hərbi əlaqələr genişlənəcək və bu regionda yeni çağırışlara cavab verir”.

“Prezident bir daha təsdiq etdi ki, Türkiyə Azərbaycanın bir nömrəli strateji müttəfiqidir”

Analitik Turab Rzayev isə dedi ki, Prezident Əliyev Rusiya mediasına müsahibəsindən sonra Türkiyə mediasına müsahibə verərək geopolitik məsələlərə, Azərbaycan və ətrafında cərəyan edən hadisələrə öz münasibətini bildirib. Onun fikrincə, Prezident bir daha təsdiq etdi ki, Türkiyə Azərbaycanın bir nömrəli strateji, hərbi-siyasi müttəfiqidir və bu belə qalmaqda davam edəcəkdir: “Türkiyə ilə Azərbaycan arasındakı Şuşa Bəyənnaməsi ilə də təsdiqlənmiş bu strateji ittifaqa heç bir kənar qüvvə müdaxilə edə bilməz. Ölkə rəhbəri bu dəfə Rusiya haqqında nisbətən daha təmkinli danışdı. Daha mülayim mesajlar ötürüldü. Prezident Əliyevin Türkiyə mediasına müsahibəsində Rusiyaya ötürdüyü müsbət mesajları belə qruplaşdırmaq olar:
- Arada anlaşılmazlıqların, kiçik mübahisələrin olmasına baxmayaraq, Prezident ümumilikdə sülhməramlıların fəaliyyətindən razılıq etdi;
- Rusiyanın Ermənistanı yenidən silahlandırması ilə bağlı məsələyə münasibət bildirə ölkə rəhbəri, bunu daha çox erməni propoqandası adlandırdı və bu məsələnin əslində ictimaiyyətə səhv təqdim olunduğunu bildirdi.
Bu iki punktu toplasaq, ölkə rəhbəri rəsmi Bakı və Moskva arasında münasibətləri kifayət qədər yüksək səviyyədə qiymətləndirdi.
Prezident Türkiyə mediasına verdiyi müsahibəsində əsas mövqe əvvəlki çıxışlar ilə üst-üstə düşür. Qarabağın dağlıq hissəsində münaqişə həll olunub, müharibə bitib, bir daha təkrarlanmayacaq, biz qalib gəlmişik. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər Azərbaycanın suveren ərazisidir və orada yaşan ermənilər Azərbaycan vətəndaşıdır, Azərbaycan dövləti olaraq biz başqa heç bir yanaşmanı qəbul etmirik”.

Azərbaycanın xarici siyasətinin əsas prinsipləri

Siyasi şərhçi Əziz Əlibəyli isə diqqətə çatdırdı ki, Prezident İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini qeyd elədi. Onun fikirncə, dövlət başçısı Rusiya ilə bağlı detalları qiymətləndirərkən vurğuladı ki, ümumiyyətlə Rusiya sülməramlılarının fəaliyyətindən razıyıqsa, onun vasitəsilə həyata keçirilən siyasətin bəzi koordinatları ilə bağlı ümumi istiqamətlər üst-üstə düşür: “Lakin burada müəyyən dərəcədə fərqlər var. İlk növbədə Ermənistan tərəfi Rusiya adından da tez-tez istifadə edir, təxribat xarakterli məlumatlar yayır. İkincisi isə Ermənistan rəsmiləri Rusiyaya səfər çərçivəsində bəzən Azərbaycana yönəlik bəyanatların səsləndirilməsinə səbəb olurlar.
Üçüncüsü silahlanma ilə bağlı Azərbaycan tərəfi Laçın dəhlizi vasitəsilə baş verən prosesləri izləyir, nazətdə saxlayır. Bununla bağlı Rusiya tərəfinə də etirazını bildirib ki, lazım olan addımları ata bilərik. Amma ümumilikdə 3+3 formatı imkan verir ki, bölgənin bütün ölkələri, o cümlədən Rusiya da Zəngəzur dəhlizi reallaşarsa bundan yararlansın, iqtisadi maraqlarını təmin edə bilsin. Prezidentin Rusiyaya yönəlik fikirləri məhz bundan ibarət idi ki, bizim kifayət qədər imkanlarımız var, ümumiklikdə Qarabağ məsələsində Rusiyanın mövqeyindən razıdır. Lakin Ermənistanla bağlı yanaşmaya gəldikdə, ümumiyyətlə imkan vermək lazım deyil ki, bu ölkə növəti dəfə cəzalandırlacağına səbəb olacaq addımlar atsın. Digər bir fikir isə dövlət başçısının Rusiyanın Minsk qrupunun həmsədri kimi fəaliyyətindən razı qalmaması ilə bağlı idi. Birmənalı şəkildə 30 il ərzində Minsk qrupunun bir təklif verməməsi əksinə işğalı leqallaşdırmağa yönəlik addımları Azərbaycanın həmişə etirazlarına səbəb olub”.

Türkiyə ilə münasibətlərə yeni mərhələ

Türkiyə ilə münasibətlərə gəldikdə isə ekspert diqqətə çatdırdı ki, bu, xüsusilə “Şuşa Bəyannaməsi”ndən sonra yeni bir mərhələ təşkil edir: “Bölgədə yeni siyasi dizaynın ortyaya çıxması, Azərbaycan Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqının yaranması, bu dairənin daha da genişlənməsi, türk dövlətləri birliyi ilə bağlı prosesin getdikcə dərinləşməsinin ayrıca bir özəlliyi var. Prezidentin Türkiyə ilə bağlı ifadə etdiyi mövqe gələcəkdə daha böyük imkanların, hətta “iki ölkə bir ordu” anlamına gələn məşhur ifadənin reallaşmasına gətirib çıxarır. Bütün bu ifadələrin özü göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri hansı həddədir”.

Prezident erməni vətəndaşlara çıxış yolunu təqdim edir

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Prezident İlham Əliyev indiyə qədər Qarabağdakı erməni vətəndaşlarla bağlı fikirlər səsləndirib, lakin “Anadolu”ya müsahibəsində bir neçə məqam yeni idi: “Birincisi, ermənilərin iş üçün Şuşaya gəlməsidir: bu haqda məlumat mediada yayılıb, lakin Prezident bunun bir yox, bir neçə dəfə olduğunu deyir: beynəlxalq ictimaiyyətə ermənilərin hazırki vəziyyətdə yaşaya bilmədiyi və yaşamaq üçün Azərbaycanın idarəçiliyinin bərpa edilməsinin alternativinin olmadığı göstərilir; Qarabağdakı ermənilərə gələcəklərini təmin etmək üçün çıxış yolu təqdim edilir.
İkincisi, Prezident Qarabağdakı ermənilərə “sizi işlə təmin etməyə hazırıq” mesajını göndərdi və bunun üçün “hüquqi tərəfi tam yerinə oturmasının” vacibliyini vurğuladı: bu, ciddi problemlərlə üzləşən ermənilərin işləmək, yaşamaq və övladlarının gələcəyini təmin etmək məqsədilə Bakının idarəçiliyini qəbul etməyə sövq etmək məqsədi daşıyır; bölgədəki vəziyyət buna imkan verir, separatçı-terrorçu rejimin bu günlərdə bir erməni gəncini “xainlik” ittihamı ilə həbs etməsi də Bakının istədiyi şərtlərin yetişdiyi, yaxud yetişməyə başladığı göstərir; Prezident İlham Əliyev erməni vətəndaşlara çıxış yolunu təqdim edir: siz Azərbaycan vətəndaşısınız, bunu qəbul edin və normal yaşayın;
Üçüncüsü, ermənilərə Qarabağ və Şərqi Zəngəzur rayonları ilə bağlı planlar nümunə kimi göstərilir: Bakı ermənilərin yaşadığı ərazilərdə də bu layihələri həyata keçirə bilər.
Dördüncüsü, Prezidentin “biz müharibə istəmirik, amma hər şey Ermənistandan asılıdır” sözləri Qarabağdakı ermənilərə də ünvanlanıb: Azərbaycan vətəndaşlığını qəbul etməmək sonda müharibəni qaytara bilər və bundan ilk növbədə bu ermənilər əziyyət çəkəcək;
Prezidentin sözləri Bakının Qarabağdakı ermənilər üçün proqramının təqdimatı da hesab oluna bilər. Bu çıxışdan sonra ermənilərin iş üçün Azərbaycan hərbçilərinə müraciət sayı da arta bilər”.

Əli Zülüfqaroğlu