• 26 Oktyabr 2021
logo
Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi”

Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi”

“Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz”.
Bunu Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində “Müharibənin ildönümü ilə əlaqədar müraciətinizdə Siz dediniz ki, - mən Sizdən sitat gətirirəm: “Əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik”. Bu, sülh mesajı kimi səslənmir, elə deyilmi?” sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib ki, bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir: “Bütün bunlar xoşməramlı jestlərdir. Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır”.