• 26 Oktyabr 2021
logo
Azərbaycan Prezidenti: “Biz münaqişənin həll olunduğunu hesab edirik”

Azərbaycan Prezidenti: “Biz münaqişənin həll olunduğunu hesab edirik”

“Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub”.
Bunu Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində “Düzdür, dialoqa yenidən başlamağa cəhd etmək və sülhə doğru irəliləmək üçün Ermənistan rəhbərliyi - Ermənistanın baş naziri ilə əlaqə yaratmısınızmı?” sualını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib ki, bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub: “Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq".