• 26 Oktyabr 2021
logo
İran münaqişənin bitməsinin Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına səbəb olacağına ümid edir

İran münaqişənin bitməsinin Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına səbəb olacağına ümid edir

“Biz qonşu ölkələrlə hər zaman yaxşı münasibətlərə malik olmuşuq. Bu, indi də belədir”.
Bunu jurnalistlərə açıqlamasında İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
“Mən Azərbaycan və Ermənistan respublikalarını nəzərdə tuturam. Çox ümid edirik ki, məlum münaqişənin bitməsi iqtisadi münasibətlərin, bu ölkələrin insanları arasındakı münasibətlərin inkişafına səbəb olacaq” - iranlı diplomat vurğulayıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsindən danışan səfir İran, Azərbaycan və Rusiyanın bu beynəlxalq layihənin həyata keçirilməsində əsas rol oynadığını vurğulayıb: “Biz çox yaxşı əməkdaşlıq həyata keçiririk. Bu əməkdaşlığın mütləq nəticəsi olacaq. İran Azərbaycan və Rusiya ilə əməkdaşlığı inkişaf etdirir, xüsusi ilə də dəmir yolu, avtomobil yolu sahəsində əməkdaşlıq inkişaf edir. Biz dəmir yolunun Rəşt-Astara məntəqəsinin inşasını tamamlamalıyıq. Azərbaycan Respublikası Rəşt-Astara dəmiryolunun İrana düşən hissəsinin inşasını maliyyələşdirməyi planlaşdırıb. Ümid edirik ki, bizim qonşu və dost ölkə Azərbaycan yüksək templərlə bu işi maliyyələşdirəcək və biz onun inşasını başa çatdıracağıq. O ki qaldı “Şimal-Cənub” dəhlizinin İran hissəsinə düşən digər məntəqələrinə, biz öz maliyyə mənbələrimizlə bu dəmir yolu marşrutlarını inşa edirik. Bütün hallarda, dəmir yolunun inşası tam başa çatan kimi biz Finlandiyadan Sankt-Peterburqa, oradan isə Fars körfəzinə və Oman dənizinə birbaşa yol əldə edəcəyik. Fars körfəzində dəmir yolu var. Oman dənizində isə biz Şahbahar-Zahedan dəmiryolunu inşa edirik. Şimal-Cənub dəhlizi ilə Hindistandan, Cənub-şərqi Asiyadan yüklərin Avropaya daşınması üçün biz yaxşı imkan əldə edəcəyik”, - İran səfiri vurğulayıb.