• 18 Noyabr 2019
logo
add image
“İstənilən yenilik prosesə dinamika gətirir”

“İstənilən yenilik prosesə dinamika gətirir”

Elçin Mirzəbəyli: “Təcrübə və dinamizmin sintezi yalnız kollegial idarəçilikdə özünü doğrulda bilər”

Prezident İlham Əliyevin strateji düşüncəsi və sarsılmaz vətənpərvərliyi Azərbaycan siyasətinə yeni nəfəs gətirdi. Azərbaycan dövlətinin başçısı kadr siyasətinə münasibətdə mühafizəkar sterotipləri sındırdı və gənc kadrlara şans verdi, eyni zamanda qeyd etdi ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizminin vəhdətini yaratmaq lazımdır.
Politoloq, “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli “Trend”ə təcrübə ilə dinamizmin sintezi, həmçinin kadr islahatlarının vacibliyindən danışıb.
Politoloqun sözlərinə görə, təcrübə ilə dinamizmin sintezi nəinki mümkündür, bu amil bütövlükdə müasir idarəçiliyin əsasını təşkil edir:
“Prezident İlham Əliyev Azərbaycanda kadr islahatlarının ana xəttini təşkil edən və gələcəkdə də edəcək bu mühüm tezisi dilə gətirəndə, ilk növbədə öz təcrübəsindən çıxış edib və təbii ki, inkişaf etmiş ölkələrin mərkəzi dövlət idarəetmə, yerli özünüidarətmə və qeyri-dövlət idarəetmə sistemlərinin təcrübəsini də nəzərə alıb. Bu baxımdan, dövlət başçısının yanaşmasını idarəçiliyin bütün mərhələ və istiqamətlərində prioritet kimi qəbul etmək lazımdır”.
Elçin Mirzəbəyli hesab edir ki, Təcrübə və dinamizmin sintezi yalnız kollegial idarəçilikdə özünü doğrulda bilər:
“Təcrübə və dinamizmin sintezi yalnız kollegial idarəçilikdə özünü doğrulda bilər. Yalnız bu halda, çoxsaylı ideyalar və fikirlər arasından ən doğru olanını seçmək və tətbiq etmək mümkündür. Dinamizm qərarların çevik bir şəkildə qəbul edilməsi və icrası, təcrübə isə bu qərarların səhvlərdən sığortalanması, yersiz tələskənliyə yol verilməməsi, icra prosesində sistemli ardıcıllığın təmin edilməsi üçün vacib amillərdir”.
Politoloq daha sonra qeyd edib ki, gənc kadrlara bütün sahələrdə ehtiyac var:
“İstənilən yenilik prosesə dinamika gətirir. Bununla yanaşı, biz ilk növbədə “gənc” deyəndə hansı yaş kateqoriyalarını nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik. Belə məsələlərdə subyektiv və fərdi maraqlardan çıxış etmək qətiyyən yolverilməzdir. Məsələn, 20-40 yaş arasında olan bir insan bu yaş kateqoriyasından yuxarı olan hər kəsi “yaşlı” hesab edir. Halbuki 40-60, bəzən isə 40-65 yaş arasındakı insanların idarəçiliyi daha effektiv nəticələrə gətirib çıxarır. Çünki hətta kollegial idarəçilikdə belə çoxsaylı ideya və fikirlər arasından ən doğru olanını seçmək, kadrlardan yerində istifadə etmək üçün mütləq müəyyən həyat və iş təcrübəsi lazımdır. Digər tərəfdən, cənab Prezidentin də qeyd etdiyi kimi, əsas təfəkkür və yanaşmadır. Mən o qədər arxaik düşüncəsi olan, gerilikçi gənc tanıyıram ki...
İlk növbədə düşüncə yenilikçi olmalı, yeni təfəkkürlə islahat aparmalı və pozitiv dəyişikliyə nail olmalıdır”.
“Gənc kadrlar daha təcrübəlilərdən, yaxud əksinə nisbətən yaşlılar gənclərdən nələri öyrənə bilərlər” sualına politoloq belə cavab verib:
“Gənclər təcrübəli idarəçilərdən tələsik, düşünülməmiş qərarlar qəbul etməməyi, istənilən məsələnin hərtərəfli öyrənilməsini və təhlil edilməsini, təkcə mexanizmləri deyil, prosesin gedişinə təsir göstərə biləcək insan faktorunu – xarakterini, psixologiyasını nəzərə almağı, kadrlara münasibətdə şəxsi hiss və mülahizələrindən deyil ictimai maraqlardan çıxış etməyi öyrənə bilərlər və öyrənməlidirlər də. Təcrübəli şəxslərin isə daha çox diqqətə ehtiyacı olur. Pozitiv münasibət, etimad onları prosesin tərkib hissəsinə çevirə, daha faydalı olmalarına zəmin yarada bilər. Fundamental mənada öyrənməyə gəldikdə isə öz üzərində işləməyi, özünü formalaşdırmağı sevən bir insan üçün yaşın heç bir anlamı yoxdur. Hətta kiçik yaşlı uşaqlardan da yeni nə isə öyrənmək mümkündür”.

Müəllif: Hüseyn Səfərov
Redaktor: Rövşən Hüseynov
“Trend”