• 28 Mart 2024
logo
Ölkə başçısının postmünaqişə dövründə ali tribunadan tarixi çıxışı

Ölkə başçısının postmünaqişə dövründə ali tribunadan tarixi çıxışı

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı bir sıra ciddi məqamları ilə yadda qaldı.
Ölkə başçısı biz gənclərin də yaxından izlədiyi məlum çıxışında siyasi və beynəlxalq məsələlərdən tutmuş, pandemiya ilə mübarizə, Azərbaycanın iqtisadi inkişafına qədər müxtəlif məsələlərə toxunaraq dünyaya vacib mesajlar ünvanladı.
Həqiqətən də Prezidentin dediyi kimi Azərbaycan pandemiya ilə mübarizədə bir sıra uğurlara imza atmaqda davam edir. Ölkəmizdə bu ilin yanvarın ayının ortalarından peyvəndlənmə kampaniyasına start verilib ki, bu da vətəndaşların sağlamlığının ön planda olmasından xəbər verir. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün isə təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılır və ölkəmizdə tətbiq olunmuş karantin rejimi isə tədricən yumşaldılır. Ən son nümunə yaxın zamanlarda ictimai nəqliyyatın həftə sonları fəaliyyətinin bərpa olunmasıdır.
Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın təşəbbüsləri də beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdı. Ölkəmiz tərəfindən ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərildi. Bir xatırlatmanı da edək ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan adına bir sıra qlobal təşəbbüslər irəli sürüb.
Beynəlxalq kürsülərdən “peyvənd millətçiliyi”ni açıq tənqid edən Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Azərbaycan “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını bir daha vurğulayır. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır...
Fəxr olunası haldır ki, Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.
İqtisadi məsələlərə gəldikdə isə təkcə bir məqamı qeyd edək ki, cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi 18,4 faiz artıb. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur Yaşıl Enerji Zonasına çevrilib. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir.
Ölkə başçısı ali tribunadan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayaraq buranı xarabalığa çevirən Ermənistanın əməllərinin ifşası istiqamətində də uğurlu çıxışlar etdi.
Həqiqətən də Ermənistan bu illər ərzində qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymamış və 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb və bundan sonra da işğalçılığın davam etdirilməsində maraqlı olub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymadı.
Münaqişənin son iki ili ərzində isə İrəvan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.
Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.
Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi bu gün beynəlxalq riyakarlıq və “ikili standartlar” qlobal münasibətlər sistemi üçün yeni təhdidlər yaradır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.
Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.
Yeri gəlmişkən, Ermənistanın hərbi cinayətləri də hər zamankı kimi əsas mövzu olaraq qalır. Azərbaycan bu illər ərzində və 44 günlük müharibə zamanı törədilən hərbi cinayətlərin üstündən keçməyəcək... 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Hətta raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdi. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirildi, 450 nəfərdən çox insan isə yaralandı. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib. Bütün bunlar hərbi cinayətlərin bir hissəsidir...
Bu gün işğaldan azad olunmuş ərazilərin mövcud vəziyyəti də erməni vandalizminin təcəssümüdür. Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Ermənistan transsərhəd Oxçuçay çayını bu gün də kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.
İrəvan həmçinin keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir.
Ali kürsüdən işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu bərpa və quruculuq işlərini çətinləşdirir və mülki əhaliyə təhdid yaratması barədə dəyərli fikirlər səsləndirildi. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olub, 130 nəfər isə yaralanıb. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistan isə dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu ölkənin üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faiz oldu.
Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Prezidentin də qeyd etdiyi kimi Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldı. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.
Ümumiyyətlə bu bir faktdır ki, müharibəni başlayan tərəf Ermənistan hökuməti oldu. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribatlar törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi. Sentyabrın 27-də isə Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. Xatırladaq ki, Ermənistan xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, işğalçı ölkə öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi...
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Biz tarixi ədaləti bərpa etdik. Cənab Prezientin də vurğuladığı kimi Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur.
İndi yeni reallıqlar yaranıb. Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Bu gün Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.
Təəssüf ki, Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir. Mütərəqqi dünya artan neo-faşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan öz Qələbəsi ilə təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib.
Yeni reallıqlar fonunda Azərbaycan azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirməkdədir. Hökumətimiz Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Bu da təqdir olunası haldır ki, Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1,3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.
Prezident hər zaman olduğu kimi yenə də sülh sazişinin əhəmiyyətini önə çəkdi. Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, Ermənistandan müsbət reaksiya yoxdur. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.
İndi top İrəvandadır. Ermənistanın necə davranacağı bu ölkənin və xalqın gələcək taleyini həll edəcək. Ya sülhə doğru addım atıb yeni reallıqlar fonunda inkişaf edəcək, ya da əvvəlki tək təcrid vəziyyətində geriləyəcəklər!

Mirzəzadə Heydər
Xəzər rayonu Gənclər və İdman İdarəsinin fəal gənci